Gəlinlik seçərkən diqqət edilməli 5 vacib məqam

Gəlinlik seçimi nişanlı xanımlar üçün həm həyəcanlı, həm də çətin mərhələdir. Açıq fikirli olmaqdan vaxt planlamasına qədər bu 5 vacib məqam düzgün seçim etməyə kömək edir.

11

Gəlinlik seçimi bir çox nişanlı qız üçün toy hazırlığının ən həyəcanlı, eyni zamanda ən çətin mərhələlərindən biri sayılır. Həm xəyaldakı modeli tapmaq istəyi, həm də çoxsaylı seçimlər qarşısında qərarsız qalmaq bu prosesi yorucu edə bilər. Ancaq düzgün yanaşma ilə gəlinlik axtarışı daha rahat və zövqlü keçə bilər.

Mütəxəssislərin fikrincə, bu prosesdə ilk vacib məqam açıq fikirli olmaqdır. Tək bir modelə əvvəlcədən bağlanmaq əvəzinə, fərqli fason və kəsimləri sınamaq daha doğru seçim etməyə kömək edir. Çünki vitrində və ya asılqanda bəyəndiyiniz model bədəninizdə tam fərqli görünə bilər. Hər bədən quruluşuna və çəkiyə uyğun gəlinlik olduğunu nəzərə almaq seçim prosesini xeyli asanlaşdırır.

Digər mühüm məsələ vaxt planlamasıdır. Xəyaldakı gəlinliyi qısa müddətdə tapmaq hər zaman mümkün olmur. Buna görə gəlinlik axtarışına ən azı altı ay əvvəl başlamaq tövsiyə edilir. Bu həm seçim imkanlarını genişləndirir, həm də son anda yaranacaq stressin qarşısını alır.

Mütəxəssislər bir gündə həddindən artıq çox mağaza gəzməyi də məsləhət görmürlər. Ardı-arda çox sayda modelə baxmaq fikri qarışdıra və prosesi yorucu hala gətirə bilər. Bunun əvəzinə daha geniş seçim təklif edən mağazalara üstünlük vermək həm vaxta, həm də enerjiyə qənaət edir. Gəlinlik baxmaq yorucu yox, zövqverici təcrübə olmalıdır.

Seçim zamanı etibar etdiyiniz bir nəfərin yanınızda olması da vacib sayılır. Bu, ailə üzvü və ya yaxın dost ola bilər. Ancaq son qərarda əsas meyar başqalarının fikri yox, gəlinliyin içində özünüzü necə hiss etməyinizdir. Rahatlıq və özgüvən gəlinlik seçimində ən önəmli amillərdən biri hesab olunur.

Toy stilistlərinin vurğuladığı başqa bir məqam isə budur ki, doğru gəlinlik çox zaman ilk baxışdan hiss olunur. Necə ki, insan həyat yoldaşını seçərkən daxili bir əminlik yaşayır, gəlinlikdə də bəzən həmin hiss qərar verməyi asanlaşdırır. Əsas olan tələsməmək, öz zövqünüzə güvənmək və sizi ən yaxşı əks etdirən modeli tapmaqdır.