Brazilyada yarım əsrdir yalnız odunla işləyən klassik bir avtomobil kəşf edilib. “Record TV Cabo Verde” kanalının məlumatına görə, bu avtomobil ölkədəki yeganə odunla işləyən avtomobildir.
Söhbət 1952-ci il model “Chevrolet Styleline Deluxe”-dən gedir. İki qapılı bu klassik avtomobil 1977-ci ildə brazilyalı usta Arnoldo Şmidt tərəfindən odunla işləyəcək şəkildə dəyişdirilib.
Şmidt və oğlu altı ay boyunca gecə və həftə sonları işləyərək avtomobili tamamilə odun yanacağı ilə işləyən hala gətiriblər.
Motor sistemi, daxili yanma mühərrikinə “qazifikasiya” üsulu ilə odun qazı verən xüsusi bir mexanizm ilə təchiz olunub.
Təxminən 50 ildir yollarda olan bu avtomobil hələ də aktiv şəkildə istifadə olunur. Santa Katarina Federal Universiteti avtomobilə rəsmi istifadə sertifikatı verib; bu sənəd ölkənin Nəqliyyat Nazirliyi tərəfindən təsdiqlənib.
Arnoldo Şmidt 2021-ci ildə vəfat edib. Əfsanəvi avtomobili hazırda oğlu Elemer Şmidt idarə edir və qoruyur. Elemer atası tərəfindən yaradılan bu avtomobili “həm nostalji irsi, həm də ətraf mühitə hörmətin simvolu” kimi qiymətləndirir.