ABŞ-da 18 yaşından kiçik qızlara qarşı fahişəlik şəbəkəsi qurmaqda ittiham olunan və Manhetten Metropolitan Mərkəzi Həbsxanasında ölü tapılan milyarder Ceffri Epşteyn ilə bağlı yeni iddialar ortaya çıxıb.
ABŞ-ın “Washington Post” qəzetinin əldə etdiyi və ABŞ Ədliyyə Nazirliyinin yayımladığı sənədlərə əsasən, Epşteynin vəkilləri Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) və Milli Təhlükəsizlik Agentliyindən (NSA) müvəkkilləri ilə bağlı tutulan bütün qeydləri tələb edib.
Yeni yayımlanan sənədlər Epşteynin Mossad bağlantılarını yenidən gündəmə gətirərkən, onun İsrail ordusu ilə əlaqələrini, Rusiyaya dair əlaqələrini və ABŞ kəşfiyyat orqanları ilə əməkdaşlıq və ya hədəf alınma iddialarını da əks etdirir. Vəkillər MKA və MTA ilə bağlı qeydlərə çıxış əldə edərək müvəkkillərinə aid məlumatların varlığını və ya məzmununu öyrənmək istəyiblər.
Sənədlərə görə, Epşteynin vəkili Martin Vaynberq 2010–2012-ci illərdə MKA və Federal Təhqiqat Bürosuna (FBI) Epşteyn ilə bağlı bütün məlumatları, izləmə, müşahidə, sorğu və məlumat toplama qeydlərini istəmişdi.MKA-dan Vaynberqə verilən cavabda isə 1999–2011-ci illər ərzində Epşteynin MKA ilə açıq və ya təsdiqlənmiş əlaqəsini göstərən hər hansı bir qeydin olmadığı bildirilib. 29 iyul 2011-ci il tarixli cavabda isə gizli əlaqələr barədə qeydlərin varlığının və ya yoxluğunun təsdiqlənə bilməyəcəyi vurğulanıb.
Eyni şəkildə, MTA 30 iyul 2014-cü il tarixli cavabında vəkil Darren İndaykın Məlumat Azadlığı Qanunu (FOIA) çərçivəsində istədiyi təxminən 14 illik qeydləri rədd edib və kəşfiyyat materiallarının varlığı və ya yoxluğunun təsdiqlənə bilməyəcəyini bildirib. Rədd məktubunda, məlumatların paylaşılmasının mənbələr və metodların ifşasına, nəticədə isə milli təhlükəsizliyə ciddi zərbə vuracağı qeyd olunub.
Vaynberq və İndaykın nümayəndələri hələlik mövzu ilə bağlı açıqlama verməyib.