Ceffri Epşteynin ali təhsil diplomu olmadan müəllim kimi çalışdığı məktəbin keçmiş direktoru ilə o, ölən zaman vəzifədə olan ABŞ ədliyyə nazirinin ata–oğul münasibəti ictimai müzakirələrə səbəb olub.
ABŞ-də azyaşlı qızlara qarşı cinsi istismar və fuhuş şəbəkəsi yaratmaq ittihamı ilə mühakimə olunarkən həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynin 1970-ci illərdə diplomu olmadan müəllim kimi işlədiyi məktəblə bağlı yeni detallar sosial mediada geniş rezonans doğurub. Müzakirələrin mərkəzində Epşteynin işə qəbul edildiyi dövrdə məktəbin direktoru olan Donald Barr ilə Epşteynin öldüyü tarixdə ABŞ-ın ədliyyə naziri postunu tutan Uilyam Barr arasındakı ata–oğul əlaqəsi dayanır.
ABŞ Ədliyyə Nazirliyinin açıqladığı istintaq sənədlərinə əsasən, Epşteyn 1974-cü ildə Nyu Yorkun Manhetten bölgəsində yerləşən “Dalton School”-da fizika və riyaziyyat müəllimi kimi fəaliyyətə başlayıb. Həmin ilin iyun ayına qədər məktəbin direktoru vəzifəsini Donald Barr icra edib və sənədlərdə onun rəhbərliyi dövründə “bir neçə qeyri-adi işə qəbul qərarı” verildiyi qeyd olunub. Bununla belə, sənədlərdə Barrın Epşteynin işə qəbulunda birbaşa rolunun olub-olmamasının dəqiq bilinmədiyi vurğulanır.
Materiallarda, Epşteynin sonradan azyaşlı şagirdlərə qarşı uyğun olmayan davranışlarda ittiham edildiyi də yer alır. ABŞ və Britaniya mediasında isə Epşteynin “Dalton School”-dakı müəllimlik fəaliyyətinə yol açan əsas fiqurun məhz, Donald Barr olduğu iddiaları səsləndirilib.
Sosial mediada bir çox istifadəçi Donald Barrın daha əvvəl ABŞ Strateji Xidmətlər Ofisində (sonradan MKİ-yə çevrilib) çalışmasını xatırladaraq, onun rəhbərlik etdiyi məktəbdə Epşteynin müəllim kimi işə götürülməsini “şübhəli təsadüf” kimi qiymətləndirir.
Müzakirələri daha da alovlandıran məqamlardan biri Donald Barrın oğlu Uilyam Barrın Epşteynin 10 avqust 2019-cu ildə öldüyü tarixdə ABŞ-ın ədliyyə naziri olmasıdır. Sosial şəbəkələrdə, Epşteynin “yüksək təhlükəsizlikli” həbsxana kamerasında ölü tapılmasından cəmi bir neçə saat sonra Uilyam Barrın hadisəni “intihar” kimi açıqlaması və bunun genişmiqyaslı istintaq aparılmadan edilməsi tənqid mövzusu olub.
Bununla yanaşı, sosial mediada Epşteynin əslində ölmədiyinə dair müxtəlif iddialar da yayılıb. Bu iddialar onun “littlestjeff1” adlı istifadəçi hesabının “Fortnite” (onlayn platformalı döyüş oyunu – red.) platformasında 2019-cu ildən bəri İsraildə aktiv olması barədə nəzəriyyələr sürətlə yayılır. ölümündən illər sonra aktiv olduğu iddialarına əsaslanır. Rəsmi qurumlar isə bu iddiaları təsdiqləyən hər hansı sübutun olmadığını bildiriblər.