Epşteyn dosyelərində onlarla FTB ifadəsi itkin düşüb

CNN araşdırmasına görə, ABŞ Ədliyyə Nazirliyinin yayımladığı Epşteyn sənədlərində 90-dan çox FTB şahid ifadəsi yer almır.

37

CNN tərəfindən aparılan araşdırmaya görə, ABŞ Ədliyyə Nazirliyinin (DOJ) Ceffri Epşteyn işi ilə bağlı ictimaiyyətə açıqladığı sənədlərdə onlarla Federal Təhqiqat Bürosuna (FTB) aid şahid ifadəsi yer almır.

Araşdırmada Ədliyyə Nazirliyinin məlumatları və məhkəmə qeydləri təhlil edilib. Bildirilir ki, Epşteynin keçmiş sevgilisi və cinayət ortağı Gisleyn Maksvelin vəkillərinə təqdim olunan sübut siyahısında təxminən 325 şahid dindirilməsi mövcud olduğu halda, bu qeydlərdən 90-dan çoxunun Nazirliyin rəsmi saytında dərc edilən arxivdə olmadığı müəyyən edilib.

CNN-in məlumatına görə, sənədlər ilk dəfə yayımlanmağa başlayandan sonra bəzi fayllar internet saytından çıxarılıb, daha sonra yenidən yerləşdirilib. Epşteynin bəzi qurbanları isə öz FTB ifadələrini Ədliyyə Nazirliyinin saytında tapa bilmədiklərini bildiriblər. Ehtimal olunur ki, Maksvelə aid sübut paketlərində yer alan bəzi sənədlər seriya nömrəsi olmadan və ya qaraldılmış formada arxivin başqa bölmələrində yerləşdirilib.

Araşdırmada iddia olunur ki, çatışmayan sənədlər arasında Epşteyn tərəfindən azyaşlı vaxtı istismara məruz qaldığını deyən və ABŞ prezidenti Donald Trampı cinsi zorakılıqda ittiham edən qadına aid FTB ifadələri də yer alır. Maksvel sənədlərində həmin qadının 2019-cu ildə FTB qaynar xəttinə zəng etdiyi və daha sonra vəkilinin ofisində ifadə verdiyi qeyd olunsa da, bu sənədlər rəsmi olaraq yayımlanan dosyelərdə tapılmayıb.

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Robert Qarsiya CNN-ə açıqlamasında bildirib ki, iddia edilən bu çatışmazlıqlar Tramp administrasiyasının Epşteyn dosyelərinin açıqlanmasını tələb edən qanuna əməl edib-etmədiyi sualını gündəmə gətirir.

ABŞ Ədliyyə Nazirliyinin sözçüsü isə bəzi sənədlərin silindiyi ilə bağlı iddiaları rədd edərək, “Heç bir sənəd silinməyib, qanunun əhatə dairəsinə daxil olan bütün materiallar dərc edilib” deyib. Nazirlikdən bildirilib ki, yayımlanmayan sənədlər ya təkrardır, ya məxfi xarakter daşıyır, ya da davam edən federal istintaqla bağlıdır.

Buna baxmayaraq, hüquq mütəxəssisləri şahid ifadələrinin istintaqın “əsas sütunu” olduğunu vurğulayaraq, bu cür boşluqların Epşteyn şəbəkəsinin tam şəkildə ifşa olunmasına mane olduğunu bildirirlər.