ABŞ Ali Məhkəməsi Kaliforniyada yeni seçki xəritəsini təsdiqlədi

ABŞ Ali Məhkəməsi Demokratlara əlavə mandat qazandıra biləcək Kaliforniya üzrə yeni Nümayəndələr Palatası seçki xəritəsinin 2026-cı il seçkilərində tətbiqinə icazə verib.

16

ABŞ Ali Məhkəməsi Kaliforniya ştatında Demokratların Nümayəndələr Palatasında mandat sayını artırmasına imkan verən yeni seçki xəritəsinin 2026-cı ildə keçiriləcək seçkilərdə istifadə olunmasına razılıq verib.

Məhkəmə Respublikaçılar və ABŞ Prezidenti Donald Tramp administrasiyasının yeni Nümayəndələr Palatası xəritəsinin dayandırılması ilə bağlı müraciətini rədd edib, lakin qərarın əsaslandırılması barədə izahat təqdim etməyib.

Qərara heç bir hakimin qarşı çıxmaması diqqət çəkib, eyni zamanda Ali Məhkəmənin təcili müraciətlər üzrə işlərdə tez-tez əsaslandırılmamış qərarlar verməsinin geniş yayılmış praktika olduğu vurğulanıb.

Kaliforniya qubernatoru Qevin Nyusom “X” sosial media platformasında paylaşım edərək, Texas ştatında Respublikaçılara beş əlavə mandat qazandıracaq yeni seçki xəritəsini xatırladıb və bildirib ki, seçki dairələrinin yenidən bölünməsi müharibəsini Tramp başladıb, lakin uduzub və noyabr ayında da yenidən uduzacaq.

ABŞ Ədliyyə Nazirliyi və Ağ Ev isə məsələ ilə bağlı jurnalistlərin suallarını hələlik cavablandırmayıb. Qeyd edək ki, Kaliforniyada Demokratlara əlavə yerlər qazandıra biləcək yeni seçki xəritəsi 2025-ci ilin noyabrında keçirilən referendumla qəbul olunmuşdu. Referendumun “saxtalaşdırıldığını” iddia edən Tramp isə məsələnin “çox ciddi hüquqi və cinayət araşdırması” altında olduğunu bildirmişdi.

Respublikaçılar və Tramp administrasiyası yeni xəritənin “irqi meyarlara əsaslandığını” müdafiə etsə də, aşağı instansiya məhkəməsi bu iddianı 2-yə qarşı 1 səs nisbəti ilə rədd etmişdi.

Son illərdə Nümayəndələr Palatası üzvlərinin təmsil etdiyi inzibati ərazilərin sərhədlərinin müəyyən partiyalara siyasi üstünlük təmin edəcək şəkildə yenidən çəkilməsini nəzərdə tutan seçki xəritələri Demokratlar və Respublikaçılar arasında kəskin rəqabətə çevrilib və bu proses bir çox ştatlara yayılıb.

Texas ştatının qubernatoru Qreq Abbot 2025-ci ilin avqustunda Respublikaçılara 2026-cı il Konqres seçkilərində beş əlavə mandat qazandırmağı hədəfləyən yeni xəritəni təsdiqləmişdi. Texasdan sonra Missuri, Şimali Karolina və Ohayo ştatları da Respublikaçılar üçün üstünlük yaradan yeni seçki bölgələrini qəbul edib. Demokratlar isə Kaliforniya və Virciniya kimi bəzi ştatlarda öz xeyirlərinə olacaq alternativ xəritələr təklif ediblər.