Trampın Bir İli: ABŞ qobal anarxiyaya sürüklənir

"Foreign Affairs" analitiklərinə görə, Donald Trampın hakimiyyətə qayıdışından sonrakı ilk il ABŞ-ın 1945-ci ildən sonra qurduğu beynəlxalq nizamı sürətlə dağıdıb. ABŞ getdikcə Hobbs tipli anarxiya yaradan və öz hegemon mövqeyini zəiflədən gücə çevrilir.

26

Foreign Affairs” jurnalında dərc olunan analitik yazıya görə, ABŞ Prezidenti Donald Trampın hakimiyyətə qayıdışından sonrakı ilk il beynəlxalq sistem üçün dönüş nöqtəsi olub. Politoloqlar Daniel Drezner və Elizabet  Saunders bildirirlər ki, Tramp 1945-ci ildən sonra ABŞ və müttəfiqləri tərəfindən formalaşdırılan qlobal nizamın dağılmasını sürətləndirib və bu prosesi artıq gizlətmədən qəbul edir.

Müəlliflərin fikrincə, ABŞ uzun illər böyük güclər arasında müharibənin qarşısını alan, açıq ticarəti və beynəlxalq əməkdaşlığı təşviq edən qaydaların əsas təminatçısı olub. Tramp isə bu rolu davam etdirmək əvəzinə ölkəni getdikcə aqressiv, qeyri-sabit və qaydalara tabe olmayan aktora çevirir. Onun ərazi iddiaları və müttəfiqlərə qarşı sərt ritorikası müharibə yolu ilə sərhədlərin dəyişdirilməməsi prinsipini ciddi şəkildə zədələyir.

Məqalədə vurğulanır ki, Trampın yaratdığı mühit klassik realist anlayışdakı anarxiyadan fərqlənir. Realist nəzəriyyədə anarxiya dövlətləri ehtiyatlı davranmağa vadar edir və sabitliyin qorunmasına xidmət edə bilər. Trampın siyasəti isə Tomas Hobbsun təsvir etdiyi “hamının hamıya qarşı” olduğu xaotik dünyaya daha yaxındır. Bu modeldə lider heç bir daxili və ya beynəlxalq məhdudiyyəti qəbul etmir və texnologiyanın verdiyi sürət sayəsində impulsiv qərarları dərhal həyata keçirə bilir.

Analitiklər qeyd edirlər ki, Tramp eyni zamanda ABŞ daxilində də institutların rolunu zəiflədir. Konqres və məhkəmələrin təsir imkanları azalır, fövqəladə səlahiyyətlər genişlənir və təhlükəsizlik strukturları siyasi məqsədlər üçün daha açıq şəkildə istifadə olunur. Bu yanaşma ABŞ-ın uzun illər güc mənbəyi sayılan hüququn aliliyi və institusional balans mexanizmlərini sarsıdır.

Məqalənin yekununda vurğulanır ki, Trampın “güc yolu ilə sülh” kimi təqdim etdiyi strategiya əslində ABŞ-ın qlobal mövqeyini möhkəmləndirmir, əksinə onu zəiflədir. Müttəfiqlər getdikcə Vaşinqtona etibar etməməyə başlayır və alternativ tərəfdaşlar axtarır. Bu proses davam edərsə, yaranacaq yeni beynəlxalq nizamın mərkəzində ABŞ yox, başqa güclər dayanacaq.