Epşteynin arxivindən Trampın da yer aldığı 19 yeni foto yayımlandı
ABŞ-da Demokratların nəzarətində olan Nəzarət və Hesabatlılıq Komitəsi milyarder Ceffri Epşteynin şəxsi arxivindən əldə edilmiş 19 yeni fotoşəkil yayımlayıb. Kadrlarda ABŞ Prezidenti Donald Tramp, Bukingem ailəsinin üzvü Endryu Mountbatten-Vindsor, Bill Klinton, Bill Qeyts, Vudi Allen, Stiv Bennon və digər tanınmış şəxslər yer alır.
Yeni fotoların Epşteynin malikanələrindən və şəxsi e-poçt arxivindən götürüldüyü bildirilib.
Paylaşılan fotolardan birində Donald Tramp gənc qadınlarla, üzləri məxfiləşdirilmiş şəkildə, birlikdə poz verir. Qadınların “Hawaiian Tropic” brendinin modelləri olduğu və tədbirin 1998-ci ildə Trampın “Mar-a-Lago” malikanəsində keçirildiyi güman edilir.
Şəkildə Trampın modellərin çiyinlərinə əlini qoyduğu görünür. Tramp toplam üç fotoda yer alır. Digər kadrlardan birində o, Epşteynlə eyni kadrda görünür, yan çərçivədəki bir qadın isə onlara gülür.
Yeni yayımda Epşteynin şəxsi təyyarəsində, evlərində və iş otaqlarında çəkilmiş fotolar da təqdim olunub. Bir fotoda Epşteyn naməlum qadınla şəxsi təyyarədə oturub. Başqa bir fotoda isə onun masasının üzərində “huşsuz vəziyyətdə qadın” təsvir olunan çərçivə görünür.
Kadrlar arasında Epşteynin və Bennonun birlikdə güzgü selfisi də var.
Komitənin paylaşdığı fotolardan biri sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Kadrlarda üzərində Donald Trampın şəkli olan və “I’m HUUUUGE” yazısı ilə satılan prezervativlər görünür. Qiymət etiketində 4,5 dollar qeyd edilib.
Həmçinin lateks əlcək, boğucu “gag” aksesuarı və digər intim predmetlər də fotoşəkillərdə əksini tapıb.
Yeni paketdə Endryu Mountbatten-Vindsorun Bill Qeytslə birlikdə olduğu foto da yer alıb. Bu kadrın 2018-ci ildə Londonun Sammit mərkəzində çəkildiyi bildirilir.
Bill Qeyts digər bir fotoda özünün şəxsi təyyarəsinin yanında çamadanla görüntülənib.
Başqa fotolarda Epşteyn və onun yaxın əməkdaşı, hazırda 20 il həbs cəzası çəkən Gisleyn Maksvel, həmçinin Bill Klinton bir arada görünür.
Məşhur rejissor Vudi Allen də bir neçə fotoda Epşteynlə birlikdə təsvir olunub — film meydançasında, masada və Epşteynin təyyarəsində.
“Virgin Group”-un qurucusu Riçard Brensonun da Epşteynlə birlikdə çəkilmiş fotosu yayımlananlar arasındadır.
Respublikaçılar yayımlanan fotoları “seçilmiş və məqsədli redaktələr” adlandıraraq Demokratları “saxta narrativ formalaşdırmaqda” ittiham ediblər:
“Bizə 95 mindən çox foto təqdim olunub, Demokratlar isə yalnız bir neçəsini yayıb. Bu fotolarda Trampın hər hansı qanunsuz əməli görünmür.”
Demokratlar isə yayımlanan materialların “Epşteynin nüfuzlu şəxslərlə geniş əlaqə şəbəkəsinə malik olduğunu bir daha təsdiqlədiyini” bildirirlər.
Yeni fotolar Ədliyyə Nazirliyinə Epşteynlə bağlı bütün sənədləri açıqlaması üçün təzyiqi artırıb. Prezident Tramp noyabrın 19-da bu materialların 30 gün ərzində yayımlanmasını tələb edən qanunu imzalamışdı.
Bundan bir neçə gün əvvəl – 3 dekabrda Komitə Epşteynin “Epstein Island” kimi tanınan Little St. James adasındakı mülklərindən çəkilmiş əvvəl görünməmiş foto və videoları da paylaşmışdı.


















