“Hull City”nin belçikalı yarımmüdafiəçisi Eliot Matazo uzunmüddətli zədədən sonra meydana qayıtdığı ilk oyunda yenidən ağır zədə alıb. Klubun rəsmi açıqlamasına görə, 24 yaşlı futbolçuda bu dəfə sağ dizin ön çarpaz bağının qopması aşkarlanıb.
Matazo 2025-ci ilin fevralında “Cardiff City” ilə oyunda sol dizindən analoji zədə almış və 424 gün yaşıl meydanlardan uzaq qalmışdı. O, aprelin 25-də “Charlton Athletic”ə qarşı oyunda start heyətində meydana çıxaraq geri dönüşünü rəsmiləşdirib. Lakin qarşılaşmanın ilk 10 dəqiqəsində cərimə meydançası yaxınlığında yerə yıxılıb və qısa tibbi müdaxilədən sonra oyuna davam edə bilməyib.
MSNews.az xəbəri “The Sun” nəşrinə istinadən verir.
İlk anda zədənin bu qədər ciddi olmadığı düşünülüb, lakin MRT müayinəsindən sonra futbolçunun sağ dizində ön çarpaz bağ zədəsi təsdiqlənib. “Hull City” rəsmi paylaşımında Matazoya dəstək ifadə edib: “Hamımız səninləyik, Eliot”.
Futbolçu sosial şəbəkə hesabında paylaşım edərək baş verənləri anlamaqda çətinlik çəkdiyini, lakin əvvəlki zədəni bir dəfə keçdiyini və bunu ikinci dəfə də bacaracağını bildirib. İngiltərə mediası onun yenidən uzun müddət meydanlardan uzaq qalacağını yazır.
“Hull City” həmin oyunda “Charlton”a 1:2 hesabı ilə məğlub olub. Matazonun yeni zədəsi həm klub, həm də futbolçu üçün mövsümün ən ağır xəbərlərindən biri kimi qiymətləndirilir.