İranın keçmiş ali lideri Əli Xamenei ilə vida və dəfn mərasimlərinin tarixləri açıqlanıb.
MSNews.az xəbər verir ki, “Reuters” İran dövlət mediasına istinadən yazıb ki, mərasimlər iyulun 4-də Tehranda başlayacaq və iyulun 9-da Xameneinin doğulduğu Məşhəd şəhərində dəfnlə başa çatacaq.
“Al Jazeera”nin məlumatına görə, Tehranda üçgünlük vida mərasimi keçiriləcək. Bundan sonra iyulun 7-də Qum şəhərində ayrıca mərasim təşkil olunacaq.
Dəfn mərasiminin əvvəlcə mart ayında keçirilməsi planlaşdırılsa da, ABŞ və İsraillə müharibənin davam etməsi səbəbindən proses təxirə salınıb. “Reuters” qeyd edir ki, İslam qaydalarına əsasən dəfnin mümkün qədər tez həyata keçirilməsi tövsiyə olunur, lakin müharibə kimi fövqəladə hallarda istisnalar mümkündür.
Xamenei fevralın 28-də İran ərazisinə endirilən ABŞ-İsrail hava zərbələrinin ilk günündə həlak olub. O, 36 il ərzində İran İslam Respublikasının ali lideri olmuşdu.
“South China Morning Post” AP-yə istinadən yazır ki, Xameneidən sonra ölkənin ali lideri postuna onun oğlu Möctəba Xamenei gətirilib. Onun daha sərt siyasi xəttin davamçısı kimi qiymətləndirildiyi bildirilir.
Vida mərasimlərinin İran daxilində genişmiqyaslı siyasi və dini tədbirə çevriləcəyi gözlənilir. Mərasimlər ABŞ-İran razılaşması ilə bağlı danışıqların intensivləşdiyi bir dövrə təsadüf edir.