Ekvador Prezidenti Daniel Noboa milli komandanın DÇ-2026-da Almaniya üzərində qələbəsindən sonra iyunun 26-nı ölkə üzrə qeyri-iş günü elan edib.
MSNews.az xəbər verir ki, “Reuters”in məlumatına görə, qərar Ekvador millisinin Almaniyanı 2:1 hesabı ilə məğlub edərək pley-off mərhələsinə yüksəlməsindən sonra qəbul olunub.
Almaniya 2-ci dəqiqədə Leroy Sanenin qolu ilə hesabı açsa da, Ekvador 9-cu dəqiqədə Nilson Anqulo ilə bərabərliyi təmin edib. 77-ci dəqiqədə isə Qonzalo Plata komandasına qələbə qazandıran qolu vurub.
Bu nəticə Ekvadorun 2006-cı ildən sonra ilk dəfə Dünya Kubokunun pley-off mərhələsinə yüksəlməsi deməkdir. Komanda “E” qrupunu 4 xalla üçüncü pillədə tamamlayıb və ən yaxşı üçüncü yer sahiblərindən biri kimi mübarizəni davam etdirmək hüququ qazanıb.
Ekvadorun “El Universo” nəşrinin məlumatına görə, Noboa qərarı sosial şəbəkə hesabından elan edib. Prezident futbolçulara və məşqçilər korpusuna təşəkkür edib, qələbənin ölkəyə böyük sevinc bəxş etdiyini bildirib.
“El Universo” yazır ki, “Decreto Ejecutivo 431” ilə iyunun 26-da bütün ölkə üzrə iş günü dayandırılır. Qərarın həm dövlət, həm də özəl sektora şamil olunduğu, bu günün sonradan əvəz edilməyəcəyi qeyd olunur.
“El Comercio”nun məlumatına görə, fövqəladə və vacib xidmətlər — səhiyyə, yanğınsöndürmə, hava, quru və su nəqliyyatı terminalları, bank xidmətləri, enerji və su təchizatı fəaliyyətini davam etdirəcək. Dövlət qurumlarında isə zəruri xidmətlərin göstərilməsi üçün minimum heyətin saxlanılması nəzərdə tutulur.
Ekvador millisinin qələbəsi ölkədə böyük sevincə səbəb olub. Nəticədən sonra ölkənin müxtəlif şəhərlərində azarkeşlər küçələrə çıxaraq milli komandanın uğurunu qeyd ediblər.