Durov “WhatsApp” şifrələməsini sərt tənqid etdi

Pavel Durov "WhatsApp"-ı istifadəçiləri şifrələmə mövzusunda aldatmaqda ittiham edib. "Meta" isə iddiaları yalan adlandırır, məhkəmə şikayətindəki ittihamlar isə hələ sübuta yetirilməyib. 

23

“Telegram”-ın qurucusu Pavel Durov “WhatsApp”-ın şifrələmə ilə bağlı vədlərini sərt tənqid edərək bunu “tarixin ən böyük istehlakçı aldatmacası” adlandırıb.

Durovun “X”-də yaydığı paylaşımda WhatsApp-ın istifadəçi mesajlarını oxuduğu və üçüncü tərəflərlə bölüşdüyü iddia olunur. Bu çıxış ABŞ-da “Meta”, “WhatsApp” və “Accenture”-a qarşı açılmış kollektiv iddia fonunda gündəmə gəlib.

Söhbət Kaliforniya ştatının federal məhkəməsinə təqdim olunmuş 51 səhifəlik şikayətdən gedir. İddia ərizəsində deyilir ki, “Meta” və “WhatsApp” guya istifadəçilərin “məxfi” yazışmalarının məzmununa çıxış əldə edə bilir və bu çıxış daxili sistem vasitəsilə işçilərə təqdim oluna bilər. Orada “Accenture” əməkdaşlarının və başqa üçüncü tərəflərin də bu prosesdə rol ala biləcəyi irəli sürülür. Amma vacib məqam budur ki, bunlar hələlik məhkəmə iddiasındakı iddialardır, yəni sübuta yetirilmiş fakt kimi qəbul olunmur.

“Meta” isə bu ittihamları açıq şəkildə rədd edir. Şirkətin sözçüsü Endi Stoun bildirib ki, “insanların WhatsApp mesajlarının şifrələnmədiyi” barədə iddialar “qəti şəkildə yalan və absurddur”. “Meta” vurğulayır ki, “WhatsApp” artıq on ilə yaxındır “Signal” protokolu əsasında ucdan-uca şifrələmədən istifadə edir və mesajları göndərənlə alan şəxsdən başqa heç kəs oxuya bilməz.

Bununla yanaşı, “WhatsApp”-ın öz rəsmi yardım səhifələri göstərir ki, müəyyən hallarda mesaj məzmununun bir hissəsi platformaya ötürülə bilər. Məsələn, istifadəçi kimisə report etdikdə “WhatsApp” həmin şəxsin son beş mesajına qədərini alır. Şirkət biznes hesabları ilə bağlı qaydalarda da qeyd edir ki, istifadəçi bir biznesi bloklayanda və ya report edəndə “WhatsApp” həmin biznesin istifadəçiyə göndərdiyi son beş mesajı qəbul edir və əlavə araşdırma apara bilər. Bu, platformanın tamamilə “heç bir halda heç nə görmürük” modelindən daha mürəkkəb işlədiyini göstərir, amma bu hal istifadəçi reportu ilə bağlı konkret istisnadır, ümumi şəkildə bütün şəxsi yazışmaların oxunmasının sübutu deyil.

Durovun müqayisəsində başqa bir mühüm detal da var. “Telegram”-ın öz rəsmi FAQ səhifəsində açıq yazılıb ki, yalnız “Secret Chats” ucdan-uca şifrələnir. Adi “cloud chats” isə “Telegram” buludunda saxlanılır və onlar standart olaraq “end-to-end” şifrələnmiş sayılmır. Eyni FAQ-da “Telegram” bu günə qədər üçüncü tərəflərə, o cümlədən hökumətlərə “0 bayt” istifadəçi mesajı açıqladığını deyir. Yəni Durovun “WhatsApp”-a hücumu fonunda “Telegram”-ın da bütün söhbətləri “default” olaraq ucdan-uca şifrələmədiyini xatırlatmaq vacibdir.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930