Dünya Çempionatına rekord bilet tələbatı: qlobal gərginlik fonunda çılğınlıq

ABŞ, Meksika və Kanadada keçiriləcək 2026-cı il Dünya Çempionatına bilet tələbatı 30 dəfə artıqdır. Yüksək qiymətlər və qlobal gərginlik azarkeşləri narahat edir.

42

Bu yay ABŞ, Meksika və Kanadada keçiriləcək futbol üzrə 2026 Dünya Çempionatının startına 100 gün qalmış bilet satışlarına maraq rekord həddə çatıb. “Reuters”in məlumatına görə, qlobal siyasi gərginlik və təhlükəsizliklə bağlı narahatlıqlara baxmayaraq, azarkeş tələbatı görünməmiş səviyyəyə yüksəlib.

Beynəlxalq Futbol Federasiyası (FIFA) iki satış mərhələsində təxminən iki milyon biletin satıldığını açıqlayıb. Tələbat isə satışa çıxarılan biletlərdən 30 dəfədən çox olub. FIFA prezidenti Cianni İnfantino bildirib ki, ümumilikdə 500 milyondan artıq sifariş daxil olub, halbuki satış üçün cəmi 6–7 milyon bilet mövcuddur. Onun sözlərinə görə, son – “son şans” xarakterli satış mərhələsi aprel ayında başlayacaq.

Turnir ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda keçirilir. İran yığmasının qrup mərhələsi oyunlarını ABŞ-da keçirməsi planlaşdırılır ki, bu da bəzi azarkeşlər arasında əlavə narahatlıq yaradıb. Eyni zamanda ABŞ-da immiqrasiya nəzarətinin sərtləşdirilməsi və Meksikanın ev sahibliyi etdiyi şəhərlərdən biri olan Qvadalaxarada kartel liderinin öldürülməsindən sonra baş verən zorakılıq hadisələri fanatların səyahət planlarına təsir göstərib.

Almaniyalı azarkeş Tom Reder “Reuters”ə bildirib ki, ABŞ-a girişlə bağlı risklər səbəbilə yalnız Kanadaya uçmağı düşünür. Digər tərəfdən, Meksika Prezidenti Klaudia Şeynbaum ölkəyə gələn azarkeşlər üçün təhlükə olmadığını bəyan edib.

Turnirin üç ölkə və 16 şəhəri əhatə etməsi logistikanı daha mürəkkəb və baha edir. Bilet qiymətlərinin yüksək olması, həmçinin ikinci bazarda – yenidən satış platformalarında – qiymətlərin nominal dəyərdən qat-qat baha təklif edilməsi narazılıq doğurur. ABŞ və Kanadada bu cür satışların qanuni olması qiymət artımını daha da sürətləndirib.

FIFA isə ikinci bazar modelini müdafiə edərək, qurumun qeyri-kommersiya təşkilatı olduğunu və əldə edilən gəlirin 90 faizdən çoxunun qlobal futbolun inkişafına yönəldiləcəyini bildirib.

Fransanın azarkeşlər birliyinin nümayəndəsi Mehdi Salem qeyd edib ki, 2018-ci illə müqayisədə qiymətlər 200 faizdən çox artıb. Onun sözlərinə görə, birliklərinin 400 üzvündən cəmi 100 nəfəri turnirə qatıla biləcək. Salem əlavə edib ki, 2026-cı il Dünya Çempionatı “xalqın turniri”ndən daha çox “elitlərin turniri”nə çevrilə bilər.

Bütün bu müzakirələrə baxmayaraq, təşkilatçılar 2026-cı il Dünya Çempionatının maliyyə baxımından tarixdə ən uğurlu turnir olacağını proqnozlaşdırırlar.