Bosniya və Herseqovinada 1992–1995-ci illər müharibəsinə son qoyan Deyton Sülh Sazişi imzalanmasının 30-cu ildönümündə yenidən geniş müzakirə mövzusuna çevrilib. Sənəd bu gün “sülhü təmin edən mexanizm” kimi qiymətləndirilsə də, eyni zamanda “ölkənin inkişafını əngəlləyən və artıq yenilənməsi vacib olan hüquqi çərçivə” kimi də tənqid olunur.
Bosniya müharibəsi 6 aprel 1992-ci ildə serb qüvvələrinin bosniyalı müsəlmanlara hücumu ilə başlamışdı. ABŞ-da aparılan uzunmüddətli danışıqlardan sonra 21 noyabr 1995-ci ildə paraflanan, 14 dekabr 1995-ci ildə isə rəsmi olaraq imzalanan Deyton Sülh Sazişi müharibəyə son qoydu. Saziş Fransada Bosniya və Herseqovinanın prezidenti Aliya İzetbeqoviç, Serbiya prezidenti Slobodan Miloşeviç və Xorvatiya prezidenti Franjo Tudjman tərəfindən imzalanaraq qüvvəyə minib.
Deyton razılaşması nəticəsində Bosniya və Herseqovina iki entitetə – Bosniya və Herseqovina Federasiyası və Serb Respublikası (RS), eləcə də xüsusi statuslu Brçko dairəsinə bölünüb. Saziş çərçivəsində yaradılan və bu gün də ən çox müzakirə olunan qurumlardan biri olan Ali Nümayəndəlik Ofisi (OHR) beynəlxalq ictimaiyyət adından sülh sazişinin icrasına nəzarət edir.
Zenitsa Universitetinin Hüquq fakültəsinin professoru, beynəlxalq hüquq üzrə mütəxəssis Enis Omeroviç Deyton Sülh Sazişinin 30 illik təsiri və “sülh anlayışı” barədə açıqlama verib.
Omeroviç bildirib ki, Deyton 1995-ci ildə əsas və təxirəsalınmaz məqsədini – müharibəni dayandırmağı – tam şəkildə yerinə yetirib:
“Deyton soyqırım və kütləvi vəhşiliklə xarakterizə olunan silahlı münaqişəyə son qoydu. Bu baxımdan hüquqi cəhətdən keçərli və siyasi baxımdan effektiv sülh mexanizmidir. Lakin 30 ildən sonra mövcud konstitusion quruluş Bosniya və Herseqovinada hüququn aliliyi və real demokratik idarəetmənin inkişafına getdikcə daha çox mane olur.”
Onun sözlərinə görə, Deytonun sərt konstitusion arxitekturası demokratik konsolidasiyanı məhdudlaşdırır, institusional hesabatlılığı zəiflədir və hüququn aliliyinin tam tətbiqinə imkan vermir. Omeroviç qeyd edib ki, beynəlxalq ictimaiyyət Bosniya və Herseqovinada transformasiyadan çox sabitliyə üstünlük verib.
Professor vurğulayıb ki, problemin əsas səbəbi Deytonun tarixi sənəd olması deyil, konstitusion uyğunlaşma və dəyişiklik üçün hüquqi yol xəritəsinin olmamasıdır:
“Uzunmüddətli beynəlxalq nəzarət və selektiv müdaxilələr institusional dayanıqlıq əvəzinə asılılıq yaradıb. Müasir beynəlxalq hüquqa görə sülh mexanizmləri münaqişə idarəçiliyindən hüquqlara əsaslanan konstitusion sistemlərə çevrilməlidir.”
Omeroviç hesab edir ki, ciddi islahatlar olmadan Deyton modelinə söykənmək düzgün deyil:
“Müasir sülh sazişi yalnız zorakılığı dayandırmaqla kifayətlənməməli, eyni zamanda ədalətli, inklüziv və demokratik sülhün hüquqi əsaslarını formalaşdırmalıdır.”
Onun fikrincə, Dayton Sülh Sazişinin əsas çatışmazlıqları üç istiqamətdə cəmlənir:
– ədalət və hesabatlılığın konstitusion sistemə yetərincə inteqrasiya edilməməsi,
– effektiv idarəetmədən çox ərazi balansına üstünlük verilməsi və bunun nəticəsində son dərəcə mürəkkəb institusional strukturun yaranması,
– beynəlxalq nəzarətin sona çatması və vətəndaş yönümlü demokratiyaya keçid üçün aydın çıxış strategiyasının olmaması.
Bu gün Bosniya və Herseqovinada Deyton Sülh Sazişi tez-tez siyasi arqument kimi istifadə edilsə də, sənədin “son istifadə tarixinin keçdiyi” və ya mütləq şəkildə yenilənməli olduğu fikirləri getdikcə daha çox səslənir.
Hazırkı sistemdə ölkədə kanton, entitet və dövlət səviyyəsində 5 prezident, 13 baş nazir və 130-dan çox nazir fəaliyyət göstərir. Bu mürəkkəb struktur idarəetmədə səlahiyyət toqquşmalarına və mühüm qərarların qəbulunda ciddi çətinliklərə səbəb olur.