Danimarka və Qrenlandiya rəhbərləri ABŞ Prezidenti Donald Trampı adanı ələ keçirməklə bağlı təhdidlərə son qoymağa çağırıblar. Bu çağırış Trampın “The Atlantic” jurnalına müsahibəsində Qrenlandiyanı ABŞ-ın nəzarətinə götürmək istədiyini bir daha dilə gətirməsindən sonra səsləndirilib.
Danimarka Baş naziri Mette Frederiksen bazar günü yaydığı bəyanatda bildirib:
“ABŞ-ın guya Qrenlandiyanı ələ keçirməyə ehtiyacı olması barədə danışmaq tamamilə mənasızdır. ABŞ-ın Danimarka Krallığının tərkibində olan üç ölkədən hər hansı birini ilhaq etməyə heç bir hüququ yoxdur.”
Tramp müsahibəsində açıq şəkildə demişdi:
“Bizə Qrenlandiya mütləq lazımdır. Müdafiə məqsədləri üçün.”
Bu açıqlama ABŞ-ın bir gün əvvəl Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsi və Vaşinqtonun həmin ölkəni idarə edəcəyi barədə bəyanatından sonra səsləndirilib. Bu isə Danimarkada oxşar ssenarinin Qrenlandiya üçün də tətbiq oluna biləcəyi ilə bağlı ciddi narahatlıq yaradıb.
Mette Frederiksen vurğulayıb ki, ABŞ-ın bu cür ritorikası qəbuledilməzdir:
“Buna görə də mən ABŞ-ı tarixi baxımdan yaxın müttəfiqə, eləcə də açıq şəkildə ‘satılmırıq’ deyən başqa bir ölkəyə və xalqa qarşı təhdidlərə son qoymağa qətiyyətlə çağırıram.”
Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen də bazar günü verdiyi açıqlamada Trampın bəyanatlarını sərt tənqid edib:
“ABŞ Prezidentinin ‘bizə Qrenlandiya lazımdır’ deməsi və bizi Venesuela və hərbi müdaxilə ilə əlaqələndirməsi təkcə yanlış deyil, həm də hörmətsizlikdir.”
Donald Tramp 21 dekabr tarixində Luiziana ştatının qubernatoru Ceff Landrini Qrenlandiya üzrə xüsusi nümayəndə təyin edib. Bu addım Vaşinqtonun mineral ehtiyatlarla zəngin Arktika adasına artan marağı fonunda Danimarka və Qrenlandiyada yeni tənqid dalğası yaradıb. Landri açıq şəkildə adanın ABŞ-a birləşdirilməsi ideyasını dəstəkləyir.
Özünüidarə hüququna malik Danimarka ərazisi olan Qrenlandiya, Avropa ilə Şimali Amerika arasında yerləşməsi səbəbindən ABŞ-ın ballistik raketdən müdafiə sistemi üçün strateji mövqeyə malikdir. Eyni zamanda, adanın zəngin mineral ehtiyatları ABŞ üçün Çin ixracından asılılığı azaltmaq baxımından cəlbedici hesab olunur.
Keçmiş Danimarka koloniyası olan Qrenlandiya 2009-cu il razılaşmasına əsasən müstəqilliyini elan etmək hüququna malikdir, lakin iqtisadi baxımdan Danimarka subsidiyalarından ciddi şəkildə asılıdır.
Son bir il ərzində Danimarka Qrenlandiya ilə münasibətlərdə yaranmış gərginliyi aradan qaldırmağa, paralel olaraq isə Arktikada müdafiə xərclərini artırmaqla Tramp administrasiyası ilə münasibətləri yumşaltmağa çalışır.