Venesuela daxilində hökumət strukturlarının və təhlükəsizlik mexanizmlərinin arxasında duran faktiki güc mərkəzi kimi ölkənin daxili işlər naziri Diosdado Kabelyo ön plana çıxır.
O, “ahtapot” ləqəbi ilə tanınır bu ləqəb onun dövlət qurumlarının, təhlükəsizlik qüvvələrinin və “yarıhərbi qrupların üzərində geniş təsirə malik olması ilə bağlıdır.
Kabelyo Venesuela rejimində uzun müddət rol alıb və daxili işlər naziri kimi polis qüvvəsi, həbsxanalar və təhlükəsizlik strukturları üzərində effektiv nəzarət həyata keçirir. Bu hakimiyyət şəbəkəsi sayəsində bir çoxları onu ölkədə real hakimiyyət sahibi hesab edir.
O, həmçinin “Dəmir Çəkiclə Vurmaq” adlı televiziya proqramını aparır. Bu proqramda rejimin mövqeyini müdafiə edən fikirlər səsləndirir və dövlət əleyhinə çıxan qüvvələrə qarşı sərt ritorika nümayiş etdirir.
Kabelyo keçmişdə Venesuela ordusunda xidmət edib və 1990-cı illərdə Uqo Çavez ilə birlikdə hərbi çevriliş cəhdində iştirak edib. Bu illər ərzində o, siyasi və hərbi dairələrdə öz mövqeyini gücləndirib və rejimin əsas dayaqlarından birinə çevrilib.
Beynəlxalq ictimaiyyət və ABŞ administrasiyası Kabelyonu narkotik ticarəti və insan qaçaqçılığı kimi ittihamlarla əlaqələndirərək, onun üzərinə 25 milyon dollarlıq mükafat qoyub.
Venesuelada prezident Nikolas Maduronun ABŞ qüvvələri tərəfindən ələ keçirilməsi və siyasi vəziyyətin dəyişməsi fonunda Kabelyo hələ də silahlı dəstələrlə küçələrdə görünür və rejimin taleyində həlledici rola malik olduğu iddia olunur.
Hazırda Venesuela siyasətində faktiki səlahiyyətlərin paylanması və gələcək istiqamətin hansı yöndə formalaşacağı həm daxildə, həm də beynəlxalq səviyyədə ciddi müzakirə mövzusudur.