Danimarkada mart ayında keçirilmiş parlament seçkilərindən sonra hökumətin formalaşdırılması prosesi yeni mərhələyə keçib. Kral X Frederik müdafiə naziri və sağ mərkəzçi Venstre — Liberal Partiyanın lideri Troels Lund Poulseni potensial sağ mərkəzçi hökumətin formalaşdırılması imkanlarını araşdırmağa dəvət edib. Bu barədə kral sarayı məlumat yayıb.
Bu barədə “Reuters”-ə istinadən xəbər veririk.
Bu qərar Baş nazir Mette Frederiksenin rəhbərlik etdiyi sol mərkəzçi koalisiya danışıqlarının nəticəsiz qalmasından sonra verilib. Frederiksen mart seçkilərindən bəri üçüncü dəfə hökumətə rəhbərlik etmək üçün parlamentdə çoxluq axtarırdı, lakin onun mümkün tərəfdaşlarla apardığı danışıqlar son həftələrdə dalana dirənib.

Prosesdə həlledici addımı sabiq baş nazir Lars Lökke Rasmussenin rəhbərlik etdiyi mərkəzçi “Moderate Party” atıb. Rasmussen Frederiksenlə danışıqları dayandıraraq hökumət formalaşdırılması mandatının Troels Lund Poulsenə verilməsini təklif edib. Əgər Poulsen sağçı və mərkəzçi partiyalardan kifayət qədər dəstək ala bilsə, o, Danimarkanın yeni baş naziri ola bilər. Əks halda danışıqları aparmaq səlahiyyəti yenidən Frederiksenə və ya başqa bir partiya liderinə keçə bilər.
Mart seçkiləri Danimarka parlamentində ciddi parçalanma yaradıb: 179 yerlik Folketinqdə 12 partiya təmsil olunur. Frederiksenin Sosial Demokratlar Partiyası 38 mandat qazanıb ki, bu da partiyanın 1903-cü ildən bəri ən zəif nəticəsi sayılır. Müqayisə üçün, 2022-ci ildə Sosial Demokratların parlamentdə 50 yeri var idi.
Hökumət danışıqlarının uzanması Danimarkanın xarici siyasət qərarlarına da təsir edir. “Reuters” yazır ki, proses ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə Qrenlandiya məsələsi ətrafında yaranmış böhran fonunda hökumətin qərar qəbul etməsini ləngidir. “The Guardian” isə Poulsenin indi Sosial Demokratlar və “Moderate Party” olmadan sağ yönümlü hökumət qurmağa çalışacağını yazır.