Çinin həddindən artıq istehsalı qlobal böhran yarada bilər

“Foreign Affairs” Çinin sürətlə artan istehsal gücü, zəif daxili tələbat və rekord ticarət profisitinin gələcəkdə qlobal iqtisadi böhran riskini artıra biləcəyini yazır.

56

Çində istehsal gücünün daxili və qlobal tələbatdan daha sürətli artması gələcək qlobal iqtisadi böhranın mənbələrindən birinə çevrilə bilər.

Bu ssenarini “Foreign Affairs” jurnalında dərc olunan “The Next Global Economic Crisis Could Be Made in China” adlı məqalədə Maykl Froman irəli sürüb.

MSNews.az xəbər verir ki, məqalədə Çinin hazırda qlobal sənaye istehsalının təxminən 30%-ni təmin etdiyi vurğulanır. BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) proqnozlarına əsasən, mövcud tendensiya davam edərsə, Çinin qlobal istehsaldakı payı 2030-cu ildə 45%-ə qədər yüksələ bilər.

Çinin ixrac üstünlüyü artıq ticarət statistikasında da görünür. “Reuters”in Çin gömrük məlumatlarına əsaslanan hesablamasına görə, ölkənin 2025-ci il ticarət profisiti rekord 1,189 trilyon dollar olub. Bu, təxminən 2,02 trilyon manata bərabərdir. Eyni zamanda, zəif daxili tələbat və daşınmaz əmlak sektorundakı problemlər Çin istehsalçılarının xarici bazarlara daha çox yönəlməsinə səbəb olur.

“Foreign Affairs”ın irəli sürdüyü risk ssenarisinə görə, dünya bazarlarının Çin mallarını əvvəlki tempdə qəbul edə bilməməsi və ABŞ, Avropa və digər ölkələrin ticarət maneələrini artırması ixracın zəifləməsinə gətirib çıxara bilər. Bu halda artıq istehsal gücünə malik müəssisələrdə gəlirlilik daha da aşağı düşə, borcların ödənilməsində problemlər, şirkətlərin bağlanması və yerli hakimiyyətlərin maliyyə vəziyyətində pisləşmə yarana bilər. Məqalə bunun nəticələrinin Çin bank sisteminə, daha sonra isə qlobal iqtisadiyyata yayıla biləcəyi barədə xəbərdarlıq edir.

Problem xüsusilə avtomobil, polad, sement, günəş panelləri və digər sənaye sahələrində müzakirə olunur. “Associated Press” bildirir ki, Çin məhsullarının sürətlə xarici bazarlara çıxması artıq bir sıra ölkələrdə yeni tarif və qoruyucu tədbirlərlə bağlı müzakirələri gücləndirib.

Pekin isə “həddindən artıq istehsal” ittihamını qəbul etmir. Çin Ticarət Nazirliyi avqustda yayımladığı mövqe sənədində ölkənin böyük istehsal gücünü süni şəkildə yaradılmış artıq kapasite kimi təqdim etməyin yanlış olduğunu bildirib. Çin rəsmilərinin mövqeyinə görə, ixracın artması texnoloji inkişaf, miqyas iqtisadiyyatı və Çin məhsullarına qlobal tələbatla bağlıdır.