“Card-to-card” əməliyyatlarına tətbiq olunan məhdudiyyətlər vergidən yayınma problemini həll etməyəcək və vətəndaşların yenidən nağd ödənişlərə üstünlük verməsinə səbəb ola bilər.
Bunu MSNews.az-a açıqlamasında iqtisadçı ekspert, Respublikaçı Alternativ Partiyasının sədri Natiq Cəfərli bildirib.
Onun sözlərinə görə, məhdudiyyətlərin pul qəbul edən kommersiya obyektlərinə deyil, adi vətəndaşlara tətbiq olunması məntiqli yanaşma deyil:
“Ümumiyyətlə, ‘card-to-card’ əməliyyatlarının məhdudlaşdırılması ona görə məntiqsizdir ki, məhdudiyyət vətəndaşa tətbiq olunur. Məsələn, bir vətəndaş gün ərzində yalnız beş dəfə belə əməliyyat həyata keçirə bilər. Lakin karta pul qəbul edən tərəf üçün hər hansı məhdudiyyət yoxdur. Elə obyektlər olacaq ki, fərqli banklarda kartlar açdıracaq və gün ərzində 50, 100, hətta daha çox müştəridən ödəniş qəbul edəcək.
Əlbəttə, kommersiya fəaliyyətindən əldə olunan gəlirlərin şəxsi kartlar vasitəsilə qəbul edilməsi vergidən yayınma halıdır və bunu normal hesab etmək olmaz. Ancaq belə hallara qarşı məqsədyönlü tədbirlər görülmək əvəzinə, adi vətəndaşlara məhdudiyyət qoyulur”.
Natiq Cəfərli hesab edir ki, “card-to-card” ödənişlərinin geniş yayılmasının əsas səbəblərindən biri kiçik sahibkarların vergi və əlavə xərclərlə üzləşməsidir:
“Əsas sual budur: Azərbaycanda ‘card-to-card’ ödənişləri niyə bu qədər populyarlaşıb? Kiçik sahibkarlıq və mikro-biznes vergilərin, bank komissiyalarının və digər əlavə xərclərin altında əzilir. Buna görə də bəzi sahibkarlar vergidən yayınmağa çalışırlar. Bu, bəraətverici hal deyil. Lakin problemin yaranma səbəblərini də düzgün müəyyənləşdirmək lazımdır.
Vergi yükünün azaldılması və ya kiçik sahibkarlar üçün təşviq proqramlarının həyata keçirilməsi mümkündür. Elə şərait yaradılmalıdır ki, sahibkarın vergidən yayınmağa marağı qalmasın”.
İqtisadçı Gürcüstanın vergi modelini nümunə göstərib:
“Gürcüstanda müəyyən tələblərə cavab verən və illik dövriyyəsi 500 min lariyə qədər olan kiçik sahibkarlar üçün 1 faiz vergi rejimi tətbiq olunur. Belə vəziyyətdə sahibkar vergidən yayınmağa maraq göstərmir. Çünki vergidən yayınmaya görə yüksək cərimələr mövcuddur və sahibkar üçün 1 faiz vergini ödəmək daha sərfəli olur.
Yəni problemin kökü başqadır. Sadəcə vətəndaşların kart əməliyyatlarını məhdudlaşdırmaqla kölgə iqtisadiyyatını aradan qaldırmaq mümkün deyil”.
Natiq Cəfərli əlavə edib ki, məhdudiyyətlərin nəticələrindən biri də nağd ödənişlərin artması ola bilər:
“İnsanlar kartdan istifadəyə məhdudiyyət olduğunu gördükdə nağd pula keçəcəklər. Kart hesablarında pul saxlamaq əvəzinə bankomatdan vəsaiti çıxarıb ciblərində saxlayacaqlar. Nəticədə ölkə nağdsız ödənişlərin təşviqindən uzaqlaşaraq əvvəlki vəziyyətə qayıda bilər.
Ona görə də məhdudiyyət tətbiq etmək əvəzinə, vergi siyasəti, sahibkarlığın xərcləri və ödəniş sistemindəki problemlər kompleks şəkildə həll edilməlidir”.