Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də bp şirkətinin baş icraçı direktoru Meq O’Nili qəbul edib. Dövlət başçısı Meq O’Nili bp-nin baş icraçı direktoru vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və onun rəhbərliyi ilə SOCAR-bp əməkdaşlığının gələcəkdə də uğurla davam edəcəyinə əminliyini bildirib.
Görüşdə Azərbaycanla bp arasında 30 ildən artıqdır davam edən tərəfdaşlığın strateji xarakter daşıdığı vurğulanıb. Prezident İlham Əliyev qeyd edib ki, bu müddətdə həyata keçirilən enerji layihələrindən əldə olunan gəlirlər əsasən ölkənin sosial-iqtisadi inkişafına yönəldilib. Dövlət başçısı layihələrin sayının artmasının əməkdaşlığın hər iki tərəf üçün faydalı olduğunu göstərdiyini bildirib.
Meq O’Nil Bakıda olmaqdan şərəf duyduğunu bildirib. O, Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə neft və qaz gəlirlərinin ölkənin inkişafına sərf olunmasını uzaqgörən liderlik nümunəsi kimi qiymətləndirib. bp-nin baş icraçı direktoru bu kontekstdə Bakının inkişafına, yollar və infrastruktur sahəsinə yatırılan sərmayələrə də toxunub.
Prezident İlham Əliyev bildirib ki, bəzi hallarda neft və qazdan əldə olunan gəlirlər sosial qeyri-bərabərliyə səbəb olsa da, Azərbaycanın timsalında bu gəlirlər ölkənin tərəqqisinə xidmət edib. Dövlət başçısı “Əsrin müqaviləsi”nin imzalandığı dövrdə Azərbaycanın Birinci Qarabağ müharibəsindən sonra ağır vəziyyətdə olduğunu, büdcənin sıfır səviyyəsində dayandığını və bu şəraitdən çıxış yolunun iri beynəlxalq şirkətləri ölkəyə investisiya yatırmağa inandırmaqdan keçdiyini qeyd edib.
Söhbət zamanı bp-nin Azərbaycanda həyata keçirdiyi enerji və bərpaolunan enerji layihələri, o cümlədən işğaldan azad edilmiş ərazilərdə icra olunan layihənin əhəmiyyəti müzakirə olunub. Görüşdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu qeyd edilib, SOCAR-bp əməkdaşlığının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.






