Canluka Rokki hakim qalmaqalından sonra istefa verdi

İtaliya hakimlərinin rəhbəri Canluka Rokki idman fırıldağı istintaqından sonra CAN rəhbəri vəzifəsindən özünü müvəqqəti kənarlaşdırıb. O, “İnter” oyunları və VAR qərarları ilə bağlı araşdırılır.

6

İtaliya futbolunda hakim qalmaqalı böyüyür. “Serie A” və “Serie B” hakimlərinin təyinatına cavabdeh olan Canluka Rokki Milan Prokurorluğunun idman fırıldağı ilə bağlı istintaqından sonra CAN rəhbəri vəzifəsindən özünü müvəqqəti kənarlaşdırdığını açıqlayıb. İtaliya mediası bunu istefa kimi təqdim etsə də, rəsmi açıqlamalarda söhbətin “autosospensione”, yəni özünü müvəqqəti vəzifədən kənarlaşdırmadan getdiyi bildirilir.

“Rai News”-un məlumatına görə, Rokkiyə aprelin 24-də rəsmi istintaq bildirişi təqdim olunub. Araşdırma Milan prokuroru Mauritsio Aşçione tərəfindən aparılır və 2024/2025 mövsümündə baş verdiyi iddia edilən qanun pozuntularını əhatə edir. İstintaqda hakim təyinatları, VAR qərarları, FIGC və idman ədliyyəsi ilə bağlı müxtəlif epizodların araşdırıldığı qeyd olunur.

AGI-yə istinad edən “Sky Sport Italia” yazır ki, Rokki bəzi oyunlarda “İnter” üçün uyğun hesab edilən hakimlərin təyinatını yönləndirməkdə və VAR prosesinə müdaxilə etməkdə şübhəli bilinir. İddialar arasında 2025-ci ildə “İnter”in oyunları üçün hakim təyinatlarının təsirləndirilməsi və “Udineze” – “Parma” matçında VAR protokolunun pozulması da var. Rokkinin dindirilməsinin aprelin 30-na təyin edildiyi bildirilir.

İşin əsas epizodlarından biri 2025-ci il martın 1-də keçirilən “Udineze” – “Parma” oyunu ilə bağlıdır. İstintaq materiallarında VAR otağında penalti epizodu müzakirə edilərkən kənar təsir ehtimalı araşdırılır. “Rai News” yazır ki, şikayətdə Rokkinin VAR otağının şüşəsinə bir neçə dəfə vuraraq hakimlərin diqqətini cəlb etdiyi iddia olunub.

Digər epizod isə “İnter” – “Verona” matçında Alessandro Bastoninin Ondrej Duda ilə epizodu və sonrakı VAR qərarı ilə əlaqələndirilir. Prokurorluğun versiyasına görə, həmin epizodda “on-field review” çağırılmaması araşdırılır. Bununla belə, iddialar hələ məhkəmə qaydasında sübuta yetirilməyib.

Rokki ittihamları qəbul etmir. O, ANSA-ya açıqlamasında hər zaman düzgün davrandığını və məhkəmə sisteminə tam etibar etdiyini bildirib. Özünü vəzifədən kənarlaşdırmaq qərarını isə AIA ilə razılaşdırdığını, bu addımı CAN qrupunun sakit şəraitdə fəaliyyət göstərməsi üçün atdığını deyib.