Botsvanada “Arsenal”ın İngiltərə Premyer Liqasında 22 ildən sonra çempion olması münasibətilə klubun azarkeşlərinə xüsusi istirahət günü veriləcəyi barədə yayılan məlumatlar saxta çıxıb.
“Associated Press”in məlumatına görə, sosial şəbəkələrdə yayılan saxta bəyanat o qədər geniş yayılıb ki, Botsvana hökuməti məsələ ilə bağlı rəsmi təkzib yaymalı olub.
Saxta sənəddə guya Prezident Duma Bokonun “Arsenal” azarkeşlərini “ehtirasları, sədaqətləri və sarsılmaz dəstəklərinə” görə mükafatlandırdığı bildirilirdi. Bəyanat Botsvana gerbi və prezident ofisinin möhürü ilə hazırlanmış kimi göstərildiyindən ilk baxışda rəsmi sənədə bənzəyib.
Hökumət isə sosial şəbəkədə həmin sənədin üzərinə qırmızı rənglə “FAKE” yazaraq paylaşım edib və “Arsenal azarkeşləri üçün heç bir istirahət günü yoxdur” açıqlamasını verib.
Saxta bəyanatdakı əsas şübhəli məqamlardan biri sənədin 17 may tarixi ilə göstərilməsi olub. Halbuki “Arsenal”ın çempionluğu yalnız mayın 19-da, “Mançester Siti”nin “Bornmut”la 1:1 hesablı heç-heçəsindən sonra rəsmiləşmişdi.
Hadisə sosial şəbəkələrdə zarafatla qarşılanıb. Bəzi istifadəçilər saxta sənədin “Mançester Yunayted” azarkeşi tərəfindən hazırlanmış ola biləcəyini iddia edərək mövzuya yumorla yanaşıblar. Bununla belə, hökumət və yerli media ictimaiyyəti rəsmi mənbələrdən gəlməyən bu cür məlumatlara inanmamağa çağırıb.