Bolqarıstan tarixində ilk dəfə “Avroviziya” mahnı müsabiqəsinin qalibi olub. Vyanada keçirilən 70-ci “Avroviziya”da ölkəni təmsil edən DARA “Bangaranga” mahnısı ilə birinci yeri tutub. Müsabiqənin rəsmi saytında da Bolqarıstanın ilk “Eurovision” qələbəsini qazandığı bildirilib.
Final nəticələrinə əsasən, DARA ümumilikdə 516 xal toplayaraq yarışın qalibi olub. İkinci yeri 343 xalla İsrail, üçüncü yeri isə 296 xalla Rumıniya tutub.

Ölkə müsabiqəyə 2005-ci ildə qoşulmuşdu və son üç buraxılışda yarışmada iştirak etməmişdi.
Bu ilki müsabiqə Avstriyanın paytaxtı Vyanada baş tutub. Finalda 25 ölkə təmsil olunub. Bolqarıstanın qələbəsi ilə yanaşı, İsrailin ikinci yeri tutması da yarışın ən çox müzakirə olunan məqamlarından biri olub.
DARA-nın “Bangaranga” mahnısı müasir pop üslubu ilə bolqar folklor motivlərini birləşdirən kompozisiya kimi təqdim olunub. İfaçı mahnının enerjisini “hər şeyin mümkün olduğuna inam hissi” kimi xarakterizə edib.