“Microsoft”-un həmtəsisçisi Bill Qeyts ABŞ Konqresində Ceffri Epşteyn araşdırması çərçivəsində şəxsi münasibətləri barədə sualları cavablandırıb.
MSNews.az xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının Nəzarət və Hökumət İslahatları Komitəsi Bill Qeytsin 10 iyun 2026-cı ildə verdiyi qapalı ifadənin transkriptini dərc edib. Komitənin məlumatına görə, ifadə Epşteyn və Gisleyn Maksvellə bağlı federal araşdırmaların qiymətləndirilməsi çərçivəsində alınıb.
Transkriptdə Qeyts iki rusiyalı qadınla nikahdankənar münasibətini təsdiqləyib. Sənədə görə, onlardan biri bric oyunçusu Mila Antonova, digəri isə nüvə sahəsində çalışan Karima Niqmatulinadır.
Qeyts ifadəsində Antonova ilə bric turnirində tanış olduğunu bildirib. O, Epşteynin Antonova ilə bağlı müəyyən xərclərin ödənilməsini tələb etdiyini, lakin bununla razılaşmadığını və heç bir ödəniş etmədiyini deyib.
Niqmatulina barədə danışan Qeyts onu biznes fəaliyyəti ilə əlaqədar tanıdığını bildirib. Onun sözlərinə görə, bu tanışlıq “TerraPower” və ya Qeytsin ayrıca maliyyələşdirdiyi layihələrlə bağlı olub, “Gates Foundation” işi ilə əlaqəli olmayıb.
Qeyts həmçinin bildirib ki, Epşteynin Niqmatulina ilə hər hansı birbaşa əlaqəsindən xəbərdar deyil. O, Epşteynin bu münasibətdən xəbərdar olduğunu yalnız bu il Epşteyn sənədləri yayımlandıqdan sonra öyrəndiyini deyib.
Transkriptdə Qeyts Epşteynin bəzi məktublarını və qeydlərini mümkün təzyiq vasitəsi kimi qiymətləndirdiyini də bildirib. Bununla belə, o, Epşteynə heç vaxt ödəniş etmədiyini və onunla əlaqəni kəsdiyini qeyd edib.