Ən son aparılmış beynəlxalq araşdırma nəticəsində Avropada cinayət nisbətinin ən yüksək olduğu 20 şəhər müəyyən edilib və bu siyahı ictimaiyyətə təqdim olunub.
Tədqiqat Avropa qitəsində təhlükəsizlik səviyyəsini ölçən “Numbeo” adlı beynəlxalq məlumat platforması tərəfindən hazırlanmış “Şəhərlərə Görə Cinayət İndeksi” nəticələrinə əsaslanır. Bu siyahıda Fransanın Marsel şəhəri ən təhlükəli şəhər kimi birinci yerdə qərarlaşıb.
Fransanın ən qədim şəhərlərindən olan Marsel üçün açıqlanan təhlükəsizlik indeksi 68 baldır və şəhər xüsusilə narkotiklə əlaqəli şiddət hadisələri ilə gündəmə gəlir. Yerli rəsmilər bildirir ki, son illər gənc yaşda olan çox sayda uşaq çətə fəaliyyətlərinə cəlb olunub və bu da sosial problemlərin kəskin artmasına səbəb olub.
Siyahıda ikinci sırada İngiltərənin Birmingem şəhəri qərarlaşıb. Birmingemin cinayət indeksi 63,6 bal olaraq ölçülüb və bu nəticə onu Birləşmiş Krallıqda ən yüksək cinayət nisbətinə malik şəhər kimi göstərir. Əvvəllər bu ad daha çox Koventri şəhərinə məxsus olsa da, yeni statistikaya görə Koventri siyahıda bir qədər aşağıda, 11-ci yerdə qərarlaşıb.
Araşdırma nəticələrinə görə, digər bir neçə İngiltərə şəhəri də bu siyahıda yer alıb: Bredford 13-cü, Mançester 14-cü və Lonon 15-ci sıradadır. Londonda son on il ərzində qeydiyyata alınmış cinayət nisbətində mühüm artım müşahidə edilib; şiddətə bağlı cinayətlər təxminən 40 faiz artsa da, son bir ildə bu tip hadisələrdə azalma meyli də qeydə alınıb.
Fransa siyahıda xüsusilə çox təmsil olunur — Marsel ilə yanaşı Qrenobl, Monpelye, Lion, Nitsa, Nant və Paris də ən təhlükəli 20 şəhər arasında yer alıb. Bu durum, mütəxəssislər tərəfindən xüsusilə böyük şəhərlərdə artan təşkilatlanmış cinayətkarlıq və narkotik ticarəti ilə əlaqələndirilir.
Bundan başqa siyahıda Napoli (İtaliya), Brüssel (Belçika), Afina (Yunanıstan), Malmö (İsveç), Dublin (İrlandiya) və Odessa (Ukrayna) kimi Avropanın digər böyük şəhərləri də yüksək cinayət indeksi ilə yer alıb. Mütəxəssislər bu cür reytinqlərin istifadəçi baxışına əsaslandığını xatırlatmaqla bərabər, Avropada təhlükəsizliklə bağlı artan narahatlıq hisslərinin real olduğunu vurğulayırlar.