Amerikalı sənədli film rejissoru Aleks Qibni İlon Maskı hazırda dünyada ən təhlükəli şəxslərdən biri hesab etdiyini bildirib. Rejissor bu fikrini Maskın süni intellekt, texnologiya və ABŞ-ın gələcək hərbi strategiyalarında artan təsiri ilə əsaslandırıb.
MSNews.az xəbər verir ki, Qibni bu fikirləri İlon Mask haqqında çəkdiyi “Musk” sənədli filminin təqdimatı fonunda səsləndirib. O, Maskın son dövrdə ABŞ Müdafiə Nazirliyinin gələcək müharibələrin texnologiyalarını araşdıran “Project Meridian” təşəbbüsünə qoşulmasına xüsusi diqqət çəkib.
ABŞ müdafiə naziri Pit Heqset sentyabrın sonunda elan edib ki, Mask Anduril şirkətinin təsisçisi Palmer Laki və ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nyut Qinqriçlə birlikdə layihədə iştirak edəcək. Qrupun vəzifəsi gələcək döyüş meydanlarını və ordunun hansı silah və texnologiyalara ehtiyac duyacağını araşdırmaqdır.
Qibni bunu son dərəcə riskli hesab etdiyini bildirib və Maskın belə bir layihədə rolunu sərt bənzətmə ilə təsvir edib:
“Bu, Cokeri Manhetten layihəsinə rəhbər təyin etməyə bənzəyir.”
Rejissorun fikrincə, təhlükə xüsusilə Maskın süni intellekt şirkəti xAI-nin fəaliyyətindən qaynaqlanır. O, xAI-ni AI sektorundakı ən ehtiyatsız şirkətlərdən biri hesab etdiyini deyib və süni intellektin potensial ekzistensial risklərinə toxunub.
Qibninin “Musk” adlı təxminən dörd saatlıq sənədli filmi milyarderin biznes imperiyası, siyasi təsiri, DOGE-dəki fəaliyyəti, Tesla, SpaceX və X platforması üzərindən qazandığı gücü araşdırır. “Reuters” yazır ki, Qibni filmin əsas mövzularından birinin texnologiya milyarderlərinin dövlət və cəmiyyət üzərində nəzarətsiz gücünün artması olduğunu bildirib.
İlon Mask isə filmi sərt şəkildə tənqid edib və onu özünə qarşı hazırlanmış qərəzli layihə kimi xarakterizə edib. Mask filmin hazırlanmasında iştirak etməkdən imtina edib.