Almaniyada ictimai nəqliyyat işçiləri 2 günlük tətil edəcək

Almaniyada Ver.di həmkarlar ittifaqı 27–28 fevralda ictimai nəqliyyat işçilərinin 2 günlük xəbərdarlıq tətilinə çıxacağını açıqlayıb.

33

Almaniyanın ən böyük həmkarlar ittifaqlarından biri olan “Ver.di” ölkə üzrə bələdiyyə ictimai nəqliyyat müəssisələrində çalışanları 27–28 fevral tarixlərində 2 günlük xəbərdarlıq tətilinə çağırıb.

Birləşmiş Xidmət Sektoru Həmkarlar İttifaqının açıqlamasında bildirilir ki, tətil 27 fevral cümə günü səhər erkən saatlarda başlayacaq və regiondan asılı olaraq 28 fevral gecəsinə qədər davam edəcək. Qərar əməkhaqqı və iş şəraiti ilə bağlı danışıqlarda dörd turdan sonra irəliləyiş əldə olunmaması fonunda qəbul edilib.

“Ver.di” rəhbərliyinin sözlərinə görə, işəgötürənlər “ədalətli maaş və daha yaxşı iş şəraiti” tələblərinə konkret cavab verməyiblər. Təşkilatın sədr müavini Kristin Behle iş şəraitində ciddi yaxşılaşma olmadan uzunmüddətli və dayanıqlı ictimai nəqliyyat sisteminin mümkün olmayacağını bildirib.

Kollektiv müqavilə danışıqları Berlin və Hamburq kimi böyük şəhərlər də daxil olmaqla, Almaniya üzrə 150 avtobus, tramvay və yerli qatar operatorunu əhatə edir. Tətilin təxminən 100 bələdiyyə nəqliyyat şirkətinə təsir göstərəcəyi gözlənilir.

Fevralın 2-də keçirilən 24 saatlıq ilk xəbərdarlıq tətilində ölkənin bir çox bölgəsində nəqliyyat demək olar ki, tam dayanmış, yol hərəkətində sıxlıq rekord səviyyəyə çatmışdı. Bu dəfə də cümə və şənbə günləri avtobus, metro və tramvay reyslərinin əhəmiyyətli hissəsinin dayandırılması gözlənilir.

Aşağı Saksoniya əyalətində isə təxminən 5 min işçi üçün qüvvədə olan “tətil etməmək öhdəliyi” səbəbindən həmin bölgə aksiyadan kənarda qalacaq.

“Ver.di” təxminən 100 min işçi adından həftəlik iş saatlarının azaldılmasını, istirahət müddətlərinin uzadılmasını, növbə sisteminin yenidən tənzimlənməsini, gecə və həftəsonu işinə görə daha yüksək əlavələrin ödənilməsini tələb edir.