ABŞ alimləri ilk dəfə generativ süni intellekt modellərindən istifadə edərək laboratoriyada işlək bakteriofaq genomları hazırlayıblar. Söhbət insanlara deyil, bakteriyalara yoluxan viruslardan gedir.
Tədqiqatın nəticələri avqustun 6-da “Science” jurnalında dərc olunub.
MSNews.az xəbər verir ki, Stenford Universiteti və Ark İnstitutu ilə əlaqəli tədqiqatçılar Evo 1 və Evo 2 genomik süni intellekt modellərindən istifadə ediblər. Modellər ΦX174 adlı, E. coli bakteriyasını yoluxduran kiçik bakteriofaqı nümunə götürərək minlərlə yeni genom variantı yaradıb. Laboratoriyada sınaqdan keçirilən 285 dizayndan 16-sı işlək virus hissəcikləri əmələ gətirərək bakteriyalarda çoxala bilib.
Stenford Universitetinin məlumatına görə, sistem yalnız mövcud virusun ayrı-ayrı genlərini dəyişdirməyib, bütöv genomu başlanğıcdan sona qədər generasiya edib. Alimlər bunu genom miqyasında generativ biologiyanın mühüm sübutu hesab edirlər.
Təcrübələrdə istifadə olunan faqlar insan üçün patogen hesab edilən viruslar deyil. Tədqiqatçılar qeyri-patogen E. coli ştammlarından istifadə edib, yaradılmış 16 faqda isə yoluxdurma qabiliyyətinin əsasən E. coli C və ona yaxın E. coli W ştammları ilə məhdud qaldığını bildiriblər.
Texnologiyanın ən perspektivli istiqamətlərindən biri antibiotiklərə davamlı bakteriyalarla mübarizədir. Stanfordun məlumatına görə, süni intellekt tərəfindən hazırlanmış müxtəlif faqlardan ibarət qarışıqlar təbii ΦX174 fağına qarşı müqavimət qazanmış E. coli ştammlarını laboratoriya şəraitində yenidən yoluxdura bilib. Bu yanaşma gələcəkdə konkret bakteriyalara uyğunlaşdırılmış faq terapiyalarının hazırlanmasını sürətləndirə bilər.
Nailiyyət eyni zamanda bioloji təhlükəsizliklə bağlı suallar doğurub. “Science” jurnalında araşdırma ilə birlikdə yayımlanan ayrıca perspektiv məqalədə funksional virus genomlarının AI vasitəsilə generasiyasının biosafety və biosecurity baxımından ciddi nəticələr yarada biləcəyi vurğulanıb.
Tədqiqatçılar isə hazırkı eksperimenti daha mürəkkəb, insanlara yoluxa bilən virusların asanlıqla hazırlanması ilə eyniləşdirməməyi tövsiyə edirlər. İstifadə olunan ΦX174 cəmi 5 386 nukleotiddən və 11 gendən ibarət nisbətən sadə genom daşıyır. Ark İnstitutu həmçinin insan viruslarının genomlarının modelin müvafiq təlim məlumatlarından məqsədli şəkildə çıxarıldığını bildirir.