Albaniyada tələbə etirazları: 23 nəfər saxlanıldı, 7 nəfər yaralandı

Albaniyanın paytaxtı Tiranada təhsil şəraiti və sosial problemlərə qarşı keçirilən tələbə etirazları polislə toqquşmalara səbəb olub. 23 nəfər saxlanılıb, 6 polis əməkdaşı və bir jurnalist xəsarət alıb. Polis gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

46

Albaniyanın paytaxtı Tiranada tələbələrin təhsil sistemindəki problemlərə və sosial bərabərsizliyə qarşı keçirdikləri etiraz aksiyası polislə qarşıdurmaya çevrilib. Hadisələr nəticəsində 23 nəfər saxlanılıb, 6 polis əməkdaşı və bir qadın jurnalist xəsarət alıb.

MSNews.az xəbər verir ki, hadisə oktyabrın 13-də Albaniyanın Təhsil Nazirliyinin binası qarşısında baş verib.

“Albanian Daily News” nəşrinin polisə istinadən yaydığı məlumata görə, etirazçıların bir qrupu nazirliyin ətrafındakı hasara və giriş darvazasına ziyan vuraraq binanın həyətinə daxil olmağa çalışıb.

Qarşıdurma zamanı nazirliyin pəncərələri sındırılıb, binaya daşlar və digər sərt əşyalar atılıb.

Polisin açıqlamasına görə, bəzi nümayişçilər hüquq-mühafizə əməkdaşlarına fişənglər və yandırıcı qarışıqlı butulkalar da atıblar.

Vəziyyətin gərginləşməsindən sonra polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

Nəticədə 23 nəfər polis tərəfindən saxlanılaraq araşdırmaya cəlb olunub. Xəsarət alan 6 polis əməkdaşının və jurnalistin həyatına təhlükə olmadığı bildirilir.

“Reuters” agentliyinin məlumatına görə, etirazların əsas səbəbləri universitetlərdəki şəraitin qənaətbəxş olmaması, təhsil haqlarının yüksəkliyi, tələbələrə maliyyə dəstəyinin çatışmazlığı və məzun olduqdan sonra iş tapmaqda yaranan çətinliklərdir.

Bəzi iştirakçılar ölkədə sosial bərabərsizliyin artmasına və hökumətin iqtisadi siyasətinə də etiraz ediblər.

Aksiyada iştirak edən Luljeta Kola “Reuters”ə açıqlamasında Albaniyada əsaslı siyasi dəyişikliklərə ehtiyac olduğunu bildirib.

“Albaniyaya inqilab, dəyişiklik və sistemin tamamilə yenidən qurulması lazımdır. Çünki belə davam edə bilməz”, – deyə o vurğulayıb.

Nümayişçilərin bir hissəsi Baş nazir Edi Ramanın istefasını da tələb edib. Bu barədə “Al Jazeera” məlumat yayıb.

Albaniyanın Baş nazirinin müavini Albana Koçiu isə baş verən zorakılıq hallarını pisləyib. O bildirib ki, dövlət qurumlarına hücum və ictimai əmlakın dağıdılması problemlərin həlli yolu ola bilməz.

Hazırda toqquşmalarla bağlı araşdırma davam edir. Saxlanılan 23 nəfərdən neçəsinə rəsmi ittiham irəli sürüləcəyi barədə yekun məlumat açıqlanmayıb.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.