AfD hakimiyyətə gələrsə Almaniyanı Şengen və avrozonadan çıxarmaq istəyir

AfD lideri Alis Vaydel hakimiyyətə gələcəkləri təqdirdə Almaniyanın sərhədlərini bağlayacaqlarını, Şengen sistemindən və avrozonadan çıxacaqlarını bildirib.

17

Almaniyada “Almaniya üçün Alternativ” (AfD) partiyasının həmsədri Alis Vaydel hakimiyyətə gələcəkləri təqdirdə ölkənin sərhədlərini bağlamaq, Almaniyanı Şengen sistemindən və avrozonadan çıxarmaq niyyətində olduqlarını bildirib.

MSNews.az xəbər verir ki, Vaydel avqustun 23-də “ZDF” telekanalına verdiyi yay müsahibəsində partiyasının miqrasiya və Avropa siyasəti ilə bağlı mövqeyini bir daha açıqlayıb. O, açıq sərhədlərin Almaniyanın daxili təhlükəsizliyinə təhlükə yaratdığını iddia edərək, “sərhədləri bağlayacaqlarını” və bunun üçün Şengen sistemindən çıxacaqlarını deyib. “Reuters” də Vaydelin Şengendən çıxmaq və sərhəd nəzarətini sərtləşdirmək planını təsdiqləyir.

Vaydel xüsusilə İspaniyanın Afrikadakı eksklavı Seutada yaşanan miqrasiya böhranını misal göstərib. Lakin “ZDF”in fakt yoxlamasında qeyd olunur ki, Seuta coğrafi mövqeyinə görə adi Şengen rejiminə tam daxil deyil və onun üçün xüsusi sərhəd qaydaları mövcuddur.

AfD lideri deportasiyaların artırılmasını və əcnəbilərin vətəndaşlığa qəbulunun məhdudlaşdırılmasını da müdafiə edib. “Die Zeit” Vaydelin Almaniyada yaşayan təxminən 1,3 milyon suriyalının öz ölkəsinə qaytarılacağını söylədiyini yazıb.

Bununla belə, 1,3 milyon rəqəmi hazırda Almaniyada yaşayan Suriya vətəndaşlarının sayını dəqiq ifadə etmir. Almaniya Federal Statistika İdarəsinin son məlumatına əsasən, 2025-ci ilin sonunda ölkədə 936 285 Suriya vətəndaşı qeydə alınıb, onlardan təxminən 669 mini müdafiə statusu ilə yaşayan şəxslərdir. Təxminən 1,3 milyon göstəricisi isə daha əvvəl Suriyadan miqrasiya etmiş şəxsləri və onların Almaniyada doğulan övladlarını əhatə edən daha geniş statistik kateqoriyada istifadə olunub.

Vaydel eyni zamanda AfD-nin Almaniyanın avrozonadan çıxması tələbindən imtina etmədiyini bildirib. O, avronu “qeyri-sabit valyuta” adlandıraraq Almaniyada vahid Avropa valyutasının tətbiqindən əvvəl həyatın daha yaxşı olduğunu iddia edib. AfD-nin avrodan çıxmaq tələbi partiyanın 2025-ci il federal seçki proqramında da yer alıb.

“ZDF”in fakt yoxlamasında isə Almaniya Federal Maliyyə Nazirliyinin məlumatlarına istinadən avronun tətbiqindən sonra ölkədə uzunmüddətli orta inflyasiyanın təxminən 1,9 faiz olduğu və vahid valyutanın sabitliyi ilə bağlı ilkin qorxuların böyük ölçüdə doğrulmadığı qeyd edilir. Almaniyanın avrodan çıxmasının ixracyönümlü iqtisadiyyat üçün ciddi risklər yarada biləcəyi də vurğulanır.

AfD lideri avtomobil sənayesi ilə bağlı da partiyasının ənənəvi mövqeyini müdafiə edərək daxiliyanma mühərrikli avtomobillərə qarşı məhdudiyyətlərin əleyhinə çıxıb və bazarın hansı texnologiyanın üstün olacağını müəyyən etməli olduğunu söyləyib. Bununla yanaşı, “ZDF” xatırladır ki, Aİ-nin 2035-ci ildən nəzərdə tutulan tam emissiyasız yeni avtomobil tələbi 2025-ci ilin sonunda yumşaldılıb və müəyyən şərtlərlə daxiliyanma mühərrikli avtomobillərin satışına imkan saxlanılıb.

AfD hazırda Almaniyada yüksək ictimai dəstək nümayiş etdirir. “Reuters”in avqustun 23-də açıqladığı son “Politbarometer” nəticələrinə görə, partiya federal səviyyədə 27 faizlə birinci yerdə, CDU/CSU isə 22 faizlə ikinci yerdədir. Bununla belə, digər əsas Almaniya partiyaları AfD ilə koalisiya qurmaqdan imtina etmək siyasətini davam etdirirlər.