ABŞ Trampın təsviri olan 1 dollarlıq sikkə buraxacaq

ABŞ Sikkəxanası ölkənin müstəqilliyinin 250-ci ildönümü münasibətilə Donald Trampın portreti olan 1 dollarlıq sikkənin istehsalına başlayıb. Sikkənin 2026-cı ilin payızında satışa çıxarılması gözlənilir.

11

MSNews.az xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent “X” sosial şəbəkəsində açıqlayıb. Onun paylaşımı “ABŞ Maliyyə Nazirliyinin” rəsmi saytında da yayımlanıb.

“Amerika müstəqilliyinin 250 illiyini qeyd edərkən ABŞ Sikkəxanası azadlığın davamlı irsini şərəfləndirmək və vətənpərvərliyin qalıcı rəmzinə çevrilmək məqsədilə bu yeni 1 dollarlıq qızıl sikkəni zərb etməyə başlayacaq”, – Bessent bildirib.

Nazir sikkədə Donald Trampın təsvir olunduğunu və dizaynın Amerika dəyərlərinin gücünü, eləcə də azadlığın qorunmasına sadiqliyi simvolizə etdiyini qeyd edib.

“ABŞ Sikkəxanasının” məlumatına görə, sikkənin ön tərəfində Trampın portreti, “LIBERTY”, “IN GOD WE TRUST” və “1776–2026” yazıları yerləşdirilib. Arxa tərəfdə isə ABŞ Prezidentinin möhüründəki qartal, “E PLURIBUS UNUM”, “250” və “ONE DOLLAR” yazıları təsvir olunub.

Bessent məhsulu “qızıl sikkə” adlandırsa da, sikkə xalis qızıldan hazırlanmayacaq. Rəsmi texniki göstəricilərə əsasən, onun tərkibinin 88,5 faizi mis, qalan hissəsi isə sink, manqan və nikeldən ibarətdir. Sikkə Filadelfiyada zərb olunur və kolleksiya məhsulunun 2026-cı ilin son payızında satışa çıxarılması planlaşdırılır.

“Reuters” bildirir ki, son dizayn 2025-ci ildə nümayiş etdirilmiş ilkin variantdan fərqlənir. Əvvəlki eskizdə Trampın yumruğunu qaldırdığı təsvir və “Fight, fight, fight” ifadəsi yer alsa da, yekun versiyada bu təsvir prezident möhüründəki qartalla əvəzlənib.

Sikkənin hüquqi uyğunluğu ABŞ-də müzakirələrə səbəb olub. 2020-ci ildə qəbul edilmiş qanun Maliyyə Nazirliyinə ölkənin 250-ci ildönümü münasibətilə xüsusi 1 dollarlıq sikkələr buraxmağa icazə versə də, həmin sənəddə yaşayan şəxslərin təsvirindən istifadə edilməməsi ilə bağlı müddəa yer alır. Bessent isə 1926-cı ildə vəzifədə olan Prezident Kalvin Kulicin xatirə sikkəsində təsvir edilməsini presedent kimi göstərib.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.