“Axios” portalının yazdığına görə, ABŞ administrasiyası Qəzzada atəşkəs prosesinin ikinci mərhələsi çərçivəsində yaradılan “Qəzza Sülh Şurası”nın ilk liderlər toplantısını və donor konfransını 19 fevral tarixində keçirməyi planlaşdırır.
“Axios”-a danışan amerikalı rəsmi bildirib ki, sözügedən plan hələ erkən mərhələdədir və tarix və formatla bağlı dəyişikliklər mümkündür. Onun sözlərinə görə, toplantının ABŞ Sülh İnstitutunun binasında keçirilməsi nəzərdə tutulur və bu məqsədlə müxtəlif ölkələrə artıq dəvətlər göndərilməyə başlanılıb.
Xatırladaq ki, Donald Tramp 9 oktyabr 2025-ci ildə Misirdə aparılan danışıqlar nəticəsində İsrail və HƏMAS arasında Qəzzada atəşkəs planının birinci mərhələsinin razılaşdırıldığını açıqlamışdı. Atəşkəs İsrail hökumətinin təsdiqindən sonra qüvvəyə minib.
Daha sonra BMT Təhlükəsizlik Şurası 17 noyabr 2025-ci il tarixli, 2803 saylı qətnamə ilə Tramp tərəfindən təqdim edilən “Qəzza Münaqişəsinə Son Qoyulması üçün Əhatəli Plan”a dəstək verib.
Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff 14 yanvar tarixində Qəzza planının 20 maddədən ibarət ikinci mərhələsinin başladığını elan edib. Bu mərhələdə Qəzza zolağının idarə olunması üçün fələstinli texnokratlardan ibarət Qəzza Milli İdarəetmə Komitəsinin yaradıldığı və komitəyə Ali Şaasın rəhbərlik etdiyi açıqlanıb. Yeni struktur çərçivəsində Trampın rəhbərliyi ilə Sülh Şurası formalaşdırılıb.
Hazırkı modeldə üç əsas qurum mövcuddur: Sülh Şurası, Sülh İdarə Heyəti və Qəzza İdarə Heyəti. 22 yanvar tarixində İsveçrənin Davos şəhərində “Qəzza üçün Sülh Şurası Xartiyası”nın imzalanma mərasimi keçirilib və Prezident İlham Əliyev də bu mərasimdə iştirak edib.