ABŞ administrasiyası İsrailə təxminən 660 milyon dollar dəyərində silah satışı ilə bağlı qərar qəbul edib. Razılaşma çərçivəsində İsrailə 27 mindən çox MK-80 seriyalı aviabomba və əlaqəli hərbi avadanlıqların verilməsi planlaşdırılır.
MSNews.az xəbəri YNetNews portalına istinadən verir.
ABŞ Dövlət Departamentinin açıqlamasına görə, satış qərarı cümə günü elan olunub. Dövlət katibi Marko Rubio İranla müharibə fonunda yaranmış vəziyyəti “təcili hal” kimi qiymətləndirərək bu satışın dərhal həyata keçirilməsinin vacib olduğunu bildirib. Bu əsasla administrasiya adətən xarici silah satışları üçün tələb olunan Konqres baxış prosedurunu yan keçib.
Məlumata görə, razılaşmanın diqqət çəkən məqamlarından biri bombaların istehsalı ilə bağlıdır. Dövlət Departamentinin sənədlərinə əsasən, sursatlar Texas ştatında yerləşən, lakin Türkiyəyə məxsus “Repkon“müdafiə şirkətinin sahibi olduğu zavodda istehsal olunur.
MK-80 seriyalı bombalar ABŞ istehsalı olan geniş istifadə edilən ümumi təyinatlı aviabombalardır və müxtəlif hərbi əməliyyatlarda tətbiq edilir.
Qeyd olunur ki, satış qərarı Yaxın Şərqdə İran və İsrail arasında gərginliyin artdığı bir dövrdə qəbul edilib. ABŞ administrasiyası bu addımın İsrailin müdafiə imkanlarını gücləndirmək məqsədi daşıdığını bildirir.