ABŞ Enerji Nazirliyi “Genesis Missiyası” üçün 24 şirkətlə əməkdaşlığa başladı

ABŞ Enerji Nazirliyi süni intellektlə innovasiyanı sürətləndirmək məqsədi daşıyan “Genesis Missiyası” çərçivəsində Google, Microsoft, Nvidia və OpenAI daxil olmaqla 24 şirkətlə əməkdaşlıq sazişi imzalayıb.

149

ABŞ Enerji Nazirliyi süni intellekt texnologiyalarından istifadə etməklə innovasiyanı təşviq etmək məqsədi daşıyan “Genesis Missiyası” çərçivəsində Google, Microsoft, Nvidia və OpenAI də daxil olmaqla 24 aparıcı şirkətlə əməkdaşlıq sazişi imzaladığını açıqlayıb.

Nazirliyin yaydığı məlumata görə, bu gün Ağ Evdə keçirilən görüşdə sektor nümayəndələri, ABŞ Enerji naziri Kris Rayt, Enerji Nazirliyinin Elm üzrə müavini və “Genesis Missiyası”nın direktoru Dario Gil, həmçinin Ağ Evin Elm və Texnologiya Siyasəti Ofisinin direktoru Maykl Kratsios iştirak ediblər. Görüşün məqsədi süni intellekt sahəsində ictimai və özəl sektor arasında innovasiya tərəfdaşlıqlarının başlanmasına şərait yaratmaq olub.

Açıqlamada bildirilir ki, kəşf elmini sürətləndirmək, milli təhlükəsizliyi gücləndirmək və enerji innovasiyasını təşviq etmək üçün süni intellektin imkanlarından istifadəni nəzərdə tutan “Genesis Missiyası” tarixi milli təşəbbüs kimi qiymətləndirilir.

Enerji Nazirliyinin məlumatına əsasən, əməkdaşlıq sazişini imzalayan şirkətlər bunlardır:
Accenture, AMD, Anthropic, Armada, Amazon Web Services, Cerebras, CoreWeave, Dell, DrivenData, Google, Groq, Hewlett Packard Enterprise, IBM, Intel, Microsoft, Nvidia, OpenAI, Oracle, Periodic Labs, Palantir, Project Prometheus, Radical AI, xAI və XPRIZE.

ABŞ-ın aparıcı çip istehsalçısı Nvidia yaydığı açıqlamada bildirib ki, şirkət ABŞ-ın süni intellekt sahəsində qlobal liderliyini və texnoloji standartlarını qorumaq məqsədilə Enerji Nazirliyinin “Genesis Missiyası”na özəl sektor tərəfdaşı kimi qoşulacaq.

Açıqlamaya görə, Nvidia dövlət, sənaye və akademik dairələri birləşdirən kəşf platformasının inteqrasiyası üçün Enerji Nazirliyinə texnoloji dəstək göstərəcək.

OpenAI isə öz növbəsində bəyan edib ki, şirkət ABŞ Enerji Nazirliyinin “Genesis Missiyası” da daxil olmaqla təşəbbüslərini dəstəkləmək məqsədilə süni intellekt və yüksək səviyyəli hesablama sahəsində əməkdaşlığı dərinləşdirir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp noyabr ayında süni intellektdən istifadə etməklə innovasiyanı təşviq etmək məqsədilə “Genesis Mission” adlı federal təşəbbüsün başladılmasını nəzərdə tutan prezident fərmanını imzalamışdı.

Ağ Evin həmin fərmanla bağlı açıqlamasında Enerji Nazirliyinə qapalı dövrəli süni intellekt sınaq platforması yaratmaq, eləcə də “Genesis Missiyası”nın dəstəklənməsi üçün akademik və özəl sektorla sıx əməkdaşlıq qurmaq tapşırılmışdı.