ABŞ Ədliyyə Nazirliyi Epşteyn dosyelərindən çıxarılan Tramp fotosunu yenidən dərc etdi

ABŞ Ədliyyə Nazirliyi Cefri Epşteyn istintaqı çərçivəsində yayımlandıqdan sonra saytdan çıxarılan Donald Trampın yer aldığı fotoşəkli ictimai reaksiyalardan sonra yenidən yayımladı.

69

ABŞ Ədliyyə Nazirliyi, milyarder Ceffri Epşteynlə bağlı aparılan istintaq çərçivəsində yayımlandıqdan sonra rəsmi internet səhifəsindən çıxarılan, ABŞ Prezidenti Donald Trampın da yer aldığı fotoşəkli ictimai reaksiyalardan sonra yenidən dərc edib.

Nazirlik, ABŞ mərkəzli “X” sosial şəbəkəsində yaydığı açıqlamada bildirib ki, Nyu-Yorkun Cənub Bölgəsi üzrə prokurorluq Trampın yer aldığı görüntünü “zərərçəkənlərin hüquqlarının qorunması məqsədilə əlavə araşdırma üçün” müəyyən edib.

Açıqlamada qeyd olunub ki, fotoşəkil ehtiyat tədbiri olaraq müvəqqəti şəkildə saytdan çıxarılıb. Aparılan araşdırma nəticəsində görüntüdə Epşteyn istintaqı çərçivəsində zərərçəkənlərin yer aldığına dair heç bir sübut tapılmadığı bildirilib və foto heç bir dəyişiklik və ya senzura edilmədən yenidən yayımlanıb.

Fotoşəklin saytdan çıxarılması ABŞ Konqresində Demokratların sərt reaksiyasına səbəb olub. Nümayəndələr Palatasının Nəzarət və Hökumət İslahatları Komitəsinin demokrat üzvləri birgə açıqlamada bildiriblər:

“Epşteyn dosyelərində Donald Trampın yer aldığı bu fotoşəklin Ədliyyə Nazirliyi tərəfindən çıxarıldığı görünür. Baş prokuror Pam Bondi, bu doğrudurmu? Daha nələr gizlədilir?”

ABŞ Konqresinin üzvü Tomas Messi də dosyelərin yayımlanma prosesinin idarə olunma tərzinə görə Ədliyyə Nazirliyinin məsul şəxslərinin hesabat verməli olduğunu bildirib.

Sözügedən fotoşəkil Epşteynə aid masa və dolablarda tapılan əşyaları əks etdirən kollajın bir hissəsi olub. Şəkillərdən birində Tramp bir qrup qadınla birlikdə görünür, digər fotoda isə Donald və Melania Tramp, Cefri Epşteyn və onun keçmiş sevgilisi Gisleyn Maksvel ilə birlikdə yer alır.

Qeyd edək ki, ABŞ mediası daha əvvəl Trampın fotoları da daxil olmaqla 16 sənədin Ədliyyə Nazirliyinin saytından çıxarıldığını bildirmişdi. Nazirlik isə cavab olaraq, əlavə məlumatlar əldə edildikcə materialların qanunvericiliyə uyğun şəkildə yenidən nəzərdən keçiriləcəyini və zərurət olduqda senzura ediləcəyini açıqlamışdı.

ABŞ Ədliyyə Nazirinin müavini Todd Blanş isə Epşteyn dosyelərində Trampa aid olan bütün materialların tam şəkildə yayımlanacağını bəyan edib.