Tramp: Kuba ilə neft tədarükü üzrə danışıqlara başlanılıb

ABŞ Prezidenti Donald Tramp Kuba ilə neft tədarükünün tənzimlənməsi mövzusunda danışıqlara start verildiyini açıqlayıb. Bu addım Vaşinqtonun regionda enerji siyasətində yeni mərhələ kimi qiymətləndirilir.

36

ABŞ Prezidenti Donald Tramp Kuba ilə neft tədarükünün tənzimlənməsi məsələsi üzrə danışıqlara başlanıldığını bəyan edib. Tramp bu açıqlamanı gecə saatlarında Florida ştatına yollanarkən jurnalistlərin Cənubi Amerika regionu ilə bağlı suallarını cavablandırarkən verib.

“Kuba ilə danışmağa başlayırıq” deyən Tramp ada ölkəsinə neftin giriş-çıxışının hansı səviyyədə və nə vaxt müzakirə olunmağa başlandığı barədə detallı məlumat verməyib. Bununla belə, o, prosesin gələcəkdə daha konkret çərçivə alacağını istisna etməyib.

ABŞ prezidenti bildirib ki, mütləq şəkildə humanitar böhranın yaranmasına ehtiyac yoxdur və onun fikrincə, Kuba tərəfi Vaşinqtonla razılaşma əldə etmək üçün təşəbbüs göstərə bilər. Tramp “Yəqin ki, bizə gəlib razılaşma etmək istəyəcəklər. Beləliklə, Kuba yenidən azad ola bilər” ifadəsini işlədib.

Kuba ilə müəyyən bir razılaşmanın mümkünlüyünə inandığını vurğulayan Tramp ABŞ-ın bu prosesdə “yumşaq və nəzakətli davranacağını” da qeyd edib. Onun sözlərinə görə, danışıqlar qarşılıqlı maraqlar əsasında aparıla bilər.

Trampın bu açıqlaması son həftələrdə ABŞ-ın Venesuela və Meksikadan neft tədarükünü məhdudlaşdırmaq istiqamətində atdığı addımlardan sonra səslənib. Xatırladaq ki, yanvarın 30-da Donald Tramp Kubaya neft satan və ya tədarük edən ölkələrdən idxal olunan bütün mallara gömrük rüsumu tətbiq edilməsini nəzərdə tutan sərəncam imzalamışdı. Bu qərar regionda enerji və ticarət balansına mümkün təsirləri baxımından diqqətlə izlənilir.