Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Ramiz Mehdiyev və digər şəxslər barəsində “dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər” maddəsi ilə aparılan cinayət işi üzrə növbəti mühüm qərar qəbul edilib.
Cinayət işi üzrə toplanmış materiallar əsasında Azərbaycan Respublikasının sabiq Baş nazirinin birinci müavini Abbas Abbasovun istintaqa cəlb edilməsi barədə qərar verilib. Hazırda ölkə hüdudlarından kənarda olmaqla istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.
Qeyd edək ki, Abbas Abbasov 1992-ci ildən etibarən Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsində çalışıb, bu dövrdə bir sıra dövlət komissiyalarına rəhbərlik edib. 2006-cı ildə vəzifəsindən azad edildikdən sonra Rusiya Federasiyasında yaşamağa başlayıb.
İstintaq materiallarına əsasən, Abbas Abbasov uzun müddət ərzində qanunsuz üsullarla Rusiya ərazisində Azərbaycan diaspor təşkilatlarını nəzarət altına almağa və bu strukturlardan pozucu məqsədlərlə istifadə etməyə çalışıb.
Məlumata görə, Abbas Abbasov 2012-ci ildə yaradılmış və ictimaiyyətdə “Milyarderlər İttifaqı” kimi tanınan Rusiya Azərbaycan Təşkilatları İttifaqının təsisçisi və rəhbəri olub, təşkilatı rəsmi olaraq öz adına qeydiyyatdan da keçirib.
İstintaq sənədlərində qeyd olunur ki, 2013-cü ilin əvvəlində Azərbaycanda yaradılan və Əli Kərimlinin ətrafında formalaşdırılan “Milli Şura”nın sədri Rüstəm İbrahimbəyov da Abbas Abbasovun bilavasitə rəhbərliyi altında fəaliyyət göstərən “Milyarderlər İttifaqı”nın Koordinasiya Şurasının üzvü olub.
2012-ci ildə “Milyarderlər İttifaqı”nın yaradılmasının Azərbaycandakı siyasi proseslərə yönəldildiyi ilə bağlı xəbərdarlıqlar edilsə də, Rüstəm İbrahimbəyov həmin dövrdə ittihamları təkzib edərək müsahibələr verib. 2013-cü ildə baş verən hadisələr isə bu iddiaların əsassız olmadığını göstərib.
Təsadüfi deyil ki, əvvəllər mütəmadi olaraq Azərbaycana səfər edən Abbas Abbasov 2013-cü ilin əvvəlindən etibarən ölkəyə qayıtmayıb.
Əldə olunan məlumatlara görə, istintaq çərçivəsində:
-
müxtəlif kanallarla Azərbaycana köçürülmüş maliyyə vəsaitləri,
-
sövdələşmələrə dair audio və video yazılar,
-
ölkə xaricində keçirilmiş gizli görüşlər,
-
Azərbaycanda konstitusion dövlət hakimiyyətinin zorakı yolla ələ keçirilməsinə dair planlar aşkar edilərək cinayət işinə əlavə olunub.
Qeyd olunur ki, bu materiallar açıq məhkəmə baxışında geniş ictimailəşdiriləcək.