AZAL təyyarə qəzası: Rusiya istintaq sənədi cinayət işinin xitamını iddia edir

AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı Rusiyanın İstintaq Komitəsinə aid olduğu iddia edilən sənəd yayıldı. Sənəddə cinayət işinin dayandırıldığı bildirilir.

95

“BT News” Teleqram kanalının botuna anonim hesabdan göndərilən sənəd AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı rəsmi mövqe ilə zidd iddialar ehtiva edir. Sənəddə cinayət işinin xitam verildiyi bildirilir ki, bu da suallar doğurur.

“BT News” kanalının botuna anonim mənbədən AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı sənəd göndərildiyi bildirilib. Sənədin məzmununa əsasən, o, Rusiya Federasiyasının İstintaq Komitəsi tərəfindən hazırlanıb və Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlanıb.

Sözügedən sənəddə iddia olunur ki, AZAL təyyarəsi guya əlverişsiz hava şəraiti səbəbindən Rusiya ərazisində eniş edə bilməyib, daha sonra isə eniş zamanı yerlə toqquşma baş verib. Bu əsasla cinayət işinə xitam verildiyi qeyd olunur.

Sənəddə istifadə olunan bu cür ifadələr baş verən faciəyə görə məsuliyyətin üzərindən atılması cəhdi kimi qiymətləndirilir. Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, İstintaq Komitəsi hadisəyə görə məsuliyyəti faktiki olaraq “hava şəraiti” ilə izah edərək cinayət işini dayandırır.

Bu halda təbii sual yaranır: əgər hadisə nəticəsində insanlar həlak olubsa, cinayət işinin dayandırılması hansı hüquqi əsasla həyata keçirilib? Belə yanaşma, faktiki olaraq, günahkar şəxslərin məsuliyyətdən kənarda qalması deməkdir.

Məlumata görə, AZAL-a məxsus təyyarə Rusiya Silahlı Qüvvələrinə məxsus “Pantsir-S1” hava hücumundan müdafiə kompleksi tərəfindən buraxılan raketlə vurulub, bundan sonra isə Aktau hava limanı ərazisində deyil, hava limanı yaxınlığında yerə düşüb. Bu fakt sənəddə təqdim olunan versiya ilə ziddiyyət təşkil edir.

Sənədin məzmunu, həmçinin Rusiya Prezidenti Vladimir Putinin 9 oktyabr tarixində Düşənbədə, MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində səsləndirdiyi rəsmi açıqlama ilə də üst-üstə düşmür. Putin həmin çıxışında AZAL-a məxsus mülki təyyarənin Rusiya Hava Hücumundan Müdafiə sistemlərinin fəaliyyəti nəticəsində qəzaya uğradığını etiraf etmiş və belə hallarda “lazım olan hər şeyin ediləcəyini” bildirmişdi.

Lakin ekspertlərin fikrincə, “lazım olan hər şey” dedikdə, ilk növbədə günahkarların müəyyənləşdirilməsi və onların məsuliyyətə cəlb olunması nəzərdə tutulur. Cinayət işinin xitam verilməsi isə bu yanaşmaya uyğun gəlmir.

Qeyd olunur ki, sənədin həqiqiliyi rəsmi şəkildə təsdiqlənməyib. Məlumat anonim mənbədən yayıldığı üçün, istisna edilmir ki, sənədin yayılmasında Ukrayna tərəfinin də müəyyən rolu ola bilər. Bu səbəbdən məsələ ilə bağlı rəsmi qurumların mövqeyi hələlik gözlənilir.