Yəməndə toqquşmalar şiddətlənir

Yəmənin şərqində, neftlə zəngin Hadramaut vilayətində hökumət qüvvələri ilə BƏƏ dəstəkli Cənub Keçid Şurası arasında toqquşmalar şiddətlənib, hava zərbələri endirilib.

60

Yəməndə legitim hökumət qüvvələri ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dəstəklədiyi separatçı Cənub Keçid Şurası (CKŞ) qüvvələri arasında toqquşmalar yenidən kəskinləşib. Xüsusilə, ölkənin şərqində yerləşən və neftlə zəngin Hadramaut vilayətində hərbi gərginliyin artdığı bildirilir.

Yəmən ərazisinin təxminən üçdə birini əhatə edən Hadramautda baş verən son hadisələr, ölkənin ağır humanitar və iqtisadi böhran yaşadığı bir dövrdə təhlükəsizlik vəziyyətinin daha da pisləşdiyini göstərir. Bölgəyə əlavə qüvvələrin göndərilməsi, qarşılıqlı ittihamlar və hava zərbələri gərginliyi daha da artırıb.

Hadramaut valisi Salim əl-Xanbeşi səhər saatlarında verdiyi açıqlamada, hərbi obyektlərə nəzarətin bərpa olunması, silahlı qrupların tərksilah edilməsi və vilayətin “xaosa sürüklənən təhlükəli ssenarilərdən qorunması” məqsədilə əməliyyata start verildiyini bildirib. Yəmənin rəsmi SABA agentliyinin məlumatına görə, “Hərbi Qərargahların Təslim Alınması” adlanan əməliyyat çərçivəsində hərbi obyektlərin dinc və nizamlı şəkildə hökumət nəzarətinə qaytarılması hədəflənir.

Bundan bir neçə saat əvvəl Yəmən Prezident Şurasının sədri Rəşad əl-Əlimi, Salim əl-Xanbeşini Hadramautda fəaliyyət göstərən “Vətən Qalxanı Qüvvələri”nin komandanı təyin edib və ona geniş hərbi, təhlükəsizlik və inzibati səlahiyyətlər verib.

Əməliyyatın başlanmasından sonra hökumət qüvvələri ilə CKŞ silahlıları arasında silahlı toqquşmalar baş verib, separatçı mövqelərə hava zərbələrinin endirildiyi bildirilib. Yəmən İnformasiya nazirinin müavini Əbdülbasit əl-Kaidi əməliyyatın Hadramaut və Mahra vilayətlərində təhlükəsizliyin bərpası və mülki əhalinin qorunması məqsədi daşıdığını qeyd edib.

CKŞ-yə yaxın mənbələr isə hadisələri fərqli şərh edir. Separatçıların sözçüsü Məhəmməd ən-Nakib bunu “şimal-cənub müharibəsinin başlanğıcı” adlandıraraq, qarşıdurmanı “mövcudluq və taleyüklü savaş” kimi qiymətləndirib.

Gərginlik fonunda Səudiyyə Ərəbistanının Yəməndəki səfiri Məhəmməd əl-Cabir, CKŞ rəhbərliyini Səudiyyə nümayəndə heyətini daşıyan təyyarənin müvəqqəti paytaxt Ədənə enməsinə icazə verməməkdə ittiham edib. Onun sözlərinə görə, bu addım siyasi dialoq səylərini baltalayır və Yəmən xalqına ciddi zərər vurur.

Son hadisələr CKŞ-nin ötən ilin dekabrında Hadramaut və Mahra vilayətlərində nəzarəti gücləndirməsindən sonra ölkədə misli görünməmiş eskalasiyanın baş verdiyi dövrə təsadüf edir. Yəmən hökuməti isə ölkənin ərazi bütövlüyünə sadiq olduğunu bildirərək, separatçılıq cəhdlərini qətiyyətlə rədd edir.