ABŞ Prezidenti Donald Trampın administrasiyası tərəfindən həyata keçirilən maliyyə ixtisarları ölkənin əsas istehlakçı nəzarət qurumlarından biri olan İstehlakçıların Maliyyə Müdafiəsi Bürosunu (CFPB) faktiki olaraq bağlanma təhlükəsi ilə üz-üzə qoyub. Qurumun açıqlamasına görə, mövcud maliyyə vəziyyəti dəyişməzsə, CFPB 2026-cı ilin əvvəlində vəsait tam tükənəcək.
CFPB 2010-cu ildə Konqres tərəfindən yaradılıb və vətəndaşları banklar, kredit təşkilatları, borc yığan şirkətlər və digər maliyyə institutlarının ədalətsiz, aldadıcı və sui-istifadə xarakterli fəaliyyətlərindən qorumaq məqsədi daşıyırdı.
33 yaşlı Memfis sakini, xüsusi təhsil müəllimi Bianka Cons CFPB-nin əhəmiyyətini göstərən minlərlə nümunədən yalnız biridir. Onun kredit hesabatında tələbə borcları səhvən iki dəfə qeyd edilmiş və bu, ev almaq imkanını əlindən almışdı. Kredit büroları ilə dəfələrlə müraciətlər nəticəsiz qaldıqdan sonra Cons CFPB-yə şikayət edib.
Sənədləşdirilmiş müraciətlər sonradan məhkəmədə əsas sübut kimi istifadə olunub və Cons kredit tarixçəsini düzəltdirə bilib. O, 2025-ci ilin yanvarında Memfis ətrafında 300 min dollarlıq ev alıb.
“Əgər müraciət edəcəyim bu qurum olmasaydı, yəqin ki, indi ev sahibi olmazdım. Bu, həqiqətən həyatımı dəyişdi,” – deyə Cons bildirib.
“Reuters”-ə danışan istehlakçılar, hüquqşünaslar və kredit məsləhətçiləri bildiriblər ki, CFPB çətin vəziyyətə düşmüş milyonlarla amerikalı üçün son ümid nöqtəsi olub. Qurumun bağlanması halında isə maliyyə fırıldaqları və sui-istifadə halları arta bilər.
Tramp administrasiyası CFPB-ni “demokratların siyasi aləti” adlandıraraq onun azad bazara mane olduğunu iddia edir. Prezident Tramp fevral ayında Ağ Evdə jurnalistlərə açıqlamasında qurumun ləğvinin “çox vacib” olduğunu bildirib.
Buna cavab olaraq CFPB-nin ideya müəllifi, senator Elizabet Uorren tənqidləri rədd edib:
“Bu şəxsi qisas məsələsi deyil. Bu, qanunun tətbiqidir ki, milyarderlər və iri korporasiyalar amerikalı ailələri aldada bilməsin.”
Ağ Evin büdcə direktoru və CFPB-nin hazırkı rəhbəri Rassel Vout qurumu bağlamaq niyyətində olduğunu açıq şəkildə bəyan edib. Administrasiya işçilərin 90%-nin işdən çıxarılması üçün məhkəmələrdə mübarizə aparır və araşdırmaların Ədliyyə Nazirliyinə verilməsini planlaşdırır.
Respublikaçıların Konqresdə CFPB üçün ayrılan maksimal maliyyəni azaltması və sənaye dəstəyi alan məhkəmə iddiaları nəticəsində tibbi borclar, tələbə kreditləri, kredit kartı cərimələri, overdraft haqları ilə bağlı qaydalar ləğv edilib və ya dayandırılıb.
CFPB indiyədək 21 milyard dolların istehlakçılara geri qaytarılmasına nail olub.
Respublikaçılar CFPB-ni digər federal və ştat qurumlarını təkrarlayan, səlahiyyətlərini aşan və Konstitusiyaya zidd struktura malik qurum kimi qiymətləndirirlər. Lakin hətta bəzi tənqidçilər belə onun tam ləğvinin riskli olduğunu etiraf edirlər.
Federal Əmanətlərin Sığortalanması Korporasiyasının (FDIC) keçmiş rəhbər müavini Tomas Höniq bildirib:
“CFPB-ni tamamilə oyundan çıxarsanız, sui-istifadə azalmaz, əksinə artar.”