Yen BOJ protokollarından sonra möhkəmləndi, bazarlar müdaxilə ehtimalını izləyir

Yaponiya yeninin məzənnəsi BOJ iclas protokollarının açıqlanmasından sonra yüksəldi. Bazarlar faiz artımları və mümkün valyuta müdaxiləsi ehtimallarını dəyərləndirir. ABŞ və qlobal bazarlardan son xəbərlər.

71

Yaponiya yeninin məzənnəsi bazar ertəsi günü yüksələrək son altı ticarət sessiyasının beşincisində dəyər qazanıb. İnvestorlar Yaponiya Mərkəzi Bankının növbəti faiz artımlarının vaxtını və zəif bayram ticarəti şəraitində mümkün valyuta müdaxiləsi ehtimallarını qiymətləndirirlər.

Yaponiya Mərkəzi Bankının dekabr ayının əvvəlində keçirilmiş pul siyasəti iclasına dair açıqlanan protokollar göstərib ki, idarə heyətinin bir çox üzvü faiz dərəcələrinin artırılmasının davam etdirilməsini zəruri hesab edib. Həmin iclasda mərkəzi bank əsas faiz dərəcəsini 0,5 faizdən 0,75 faizə qaldıraraq son 30 ilin ən yüksək səviyyəsinə çatdırmışdı.

Yaponiyanın maliyyə naziri Satsuki Katayama ötən həftə bildirib ki, hökumət yenin kəskin hərəkətləri ilə mübarizə aparmaq üçün tam sərbəstliyə malikdir. Rəsmi şəxslərin bu cür açıqlamaları son dövrlərdə dollar qarşısında zəifləyən yenin müəyyən qədər sabitləşməsinə kömək edib.

“Bannockburn Capital Markets” şirkətinin baş bazar strateqi Mark Çandlerin sözlərinə görə, hazırda bazarda birbaşa müdaxilə üçün şərait formalaşmayıb. Onun fikrincə, belə addım yalnız kəskin qiymət dəyişiklikləri və ya yüksək volatillik zamanı gündəmə gələ bilər. Çandler qeyd edib ki, faiz artımından sonra bazar müəyyən dalğalanmalar yaşasa da, hələ müdaxilə həddi keçilməyib və hazırkı ticarət daha çox ilin sonuna yaxın xırda əməliyyatlarla xarakterizə olunur.

Dolların digər əsas valyutalara qarşı məzənnəsini ölçən dollar indeksi 0,05 faiz azalaraq 97,99 səviyyəsinə enib. Avro 0,08 faiz bahalaşaraq 1,1781 dollara yüksəlib, funt sterlinq isə 0,02 faiz ucuzlaşaraq 1,3492 dollar olub. Dollar yen qarşısında 0,26 faiz zəifləyərək 156,14 səviyyəsində qərarlaşıb.

“Apollo Global Management” şirkətinin baş iqtisadçısı Torsten Slok bildirib ki, son altı ay ərzində yenin zəifliyi yalnız faiz dərəcələri fərqi ilə izah edilə bilməz. Onun fikrincə, artan faiz mühiti fonunda Yaponiyanın fiskal vəziyyəti ilə bağlı narahatlıqlar bazar davranışında əsas rol oynamağa başlayıb.

Qeyd edək ki, dekabrın 19-da baş tutan faiz artımına baxmayaraq, yen bir müddət sonra dollar qarşısında 157,77 səviyyəsinə qədər zəifləyərək son bir ayın minimumuna enmişdi. Bu da rəsmi dairələrdən müdaxilə ilə bağlı xəbərdarlıqlara səbəb olmuşdu. Yaponiya sonuncu dəfə 2024-cü ilin iyulunda valyuta bazarına müdaxilə edərək yenin 38 ilin minimumu olan 161,96 səviyyəsinə düşməsindən sonra alış həyata keçirmişdi.

Yeni il bayramları ərəfəsində iqtisadi təqvim nisbətən zəif qalsa da, ABŞ-dan gələn son məlumatlar diqqət çəkib. Milli Rieltorlar Assosiasiyasının açıqlamasına görə, noyabr ayında gözlənilən ev satışları 3,3 faiz artıb və bu göstərici 2023-cü ilin fevralından bəri ən yüksək səviyyəyə yüksəlib.

Çərşənbə axşamı ABŞ Federal Ehtiyat Sisteminin Açıq Bazar Komitəsinin dekabr iclasına dair protokolların dərc olunması gözlənilir. Həmin iclasda FED faiz dərəcələrini azaltmış və gələn il üçün cəmi bir əlavə endirim proqnozlaşdırmışdı, halbuki bazarlar iki endirimi qiymətlərə daxil edib.

Kriptovalyuta bazarında isə bitcoin 0,11 faiz ucuzlaşaraq 87 447 dollar səviyyəsində ticarət olunub.