Onlayn kreditlərlə bağlı yeni qaydalar sabahdan qüvvəyə minir

Oktyabrın 1-dən Azərbaycanda vətəndaşlar öz adlarına onlayn kredit götürülməsini bloklaya biləcəklər. Məsafədən kreditlərin verilməsində 2 və 24 saatlıq gözləmə müddəti də tətbiq olunacaq.

77

Azərbaycanda oktyabrın 1-dən məsafədən verilən istehlak kreditləri (onlayn kredit) ilə bağlı yeni təhlükəsizlik qaydaları qüvvəyə minir. Vətəndaşlar bundan sonra öz adlarına onlayn kredit rəsmiləşdirilməsinə və kredit limitinin məsafədən artırılmasına əvvəlcədən qadağa qoya biləcəklər. Onlayn kreditlərin verilməsində isə məbləğdən asılı olaraq 2 və ya 24 saatlıq gözləmə müddəti tətbiq ediləcək.

MSNews.az xəbər verir ki, dəyişikliklər Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 28 aprel 2026-cı il tarixli qərarı ilə təsdiqlənib və 1 oktyabr 2026-cı ildən tətbiq olunacaq. Yeni tələblər həm banklara, həm də bank olmayan kredit təşkilatlarına şamil edilir.

Yeni mexanizmə əsasən, müştəri yazılı müraciət edərək öz adına istehlak krediti müqaviləsinin məsafədən bağlanmasına və ya mövcud kredit limitinin məsafədən artırılmasına məhdudiyyət qoya biləcək.

Qadağanı aradan qaldırmaq isə daha sərt identifikasiya tələb edəcək. Bunun üçün müştərinin banka şəxsən müraciət etməsi, gücləndirilmiş elektron imzadan və ya gücləndirilmiş müştəri autentifikasiyasından istifadə etməsi tələb olunur.

Bank və ya BOKT kredit rəsmiləşdirməzdən əvvəl müştərinin belə məhdudiyyət qoyub-qoymadığını öz informasiya sistemi ilə yanaşı, kredit bürosunun informasiya sistemi vasitəsilə də yoxlamalıdır. Məhdudiyyət varsa, həmin şəxslə məsafədən kredit müqaviləsinin bağlanmasına və ya limitin məsafədən artırılmasına yol verilməyəcək.

Üstəlik, qadağa tətbiq etmiş şəxsin adından onlayn kredit müraciəti daxil olarsa, bank və ya BOKT müştəriyə mobil tətbiq və ya SMS vasitəsilə dərhal məlumat verməlidir.

Digər mühüm yenilik məsafədən rəsmiləşdirilən kreditlər üçün gözləmə müddətinin tətbiq edilməsidir.

Gün ərzində verilən və ya artırılan kredit məbləği:

  • minimum əməkhaqqının 2 mislinədək olduqda — vəsait 2 saat sonra;
  • minimum əməkhaqqının 2 mislindən çox olduqda — vəsait 24 saat sonra veriləcək.

Bu müddət kredit müqaviləsinin bağlandığı və ya mövcud müqaviləyə dəyişiklik edildiyi andan hesablanacaq.

Mərkəzi Bankın Bazar Davranışlarının Tənzimlənməsi departamentinin direktoru Tamerlan Əliyev bildirib ki, dəyişikliklər xüsusilə dələduzların müştərinin bank hesabına çıxış əldə etdikdən sonra onun adından məsafədən kredit rəsmiləşdirməyə çalışdığı halların qarşısını almağa hesablanıb. Mexanizm eyni zamanda düşünülməmiş maliyyə qərarlarından yaranan risklərin azaldılmasını hədəfləyir.

Beləliklə, 1 oktyabrdan etibarən onlayn kreditlərdə həm “özünəqadağa”, həm də məcburi gözləmə müddəti mexanizmi fəaliyyətə başlayacaq.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.