Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva və Arzu Əliyeva “Bakı Ağ Şəhər” layihəsində olublar.
Layihənin icraçı direktoru Ruslan Sadıxov dövlətimizin başçısına və birinci xanıma ərazidə icra olunmuş və hazırda davam edən işlər barədə məlumat verib.
Prezident və birinci xanım əvvəlcə “Qarabağ atları” heykəltaraşlıq kompleksi ilə tanış olublar. Vətən müharibəsindəki Qələbəyə həsr olunmuş və milli irsimizin simvolu olan bu kompleksdə “Soltan”, “Ürək”, “Sereyin”, “Aypara”, “Şöhrət”, “Ötqəm” və “İldırım” adlı yeddi Qarabağ atının heykəli yerləşir. Kompozisiya amerikalı heykəltaraş Robert Sammers tərəfindən yaradılıb.
Daha sonra dövlətimizin başçısı və ailəsi Babək kvartalında aparılan tikinti və abadlıq işləri ilə tanış olublar. 31 hektar ərazini əhatə edən kvartalda yeni park, məktəb, metronun bənövşəyi xəttində stansiya, nəqliyyat qovşağı və çoxfunksiyalı yaşayış və ictimai binalar tikilir. Ərazidə kafelər, uşaq meydançaları və sosial infrastruktur da yaradılır.
Prezident İlham Əliyev və birinci xanım parkda ilk palıd ağaclarını əkiblər. Parkda həmçinin çinar, zeytun, ağcaqayın, maqnoliya və palma ağaclarının əkilməsi planlaşdırılır.
“Bakı Ağ Şəhər”də Zaman meydanı və piyada körpüsünün açılışı da olub. Uzunluğu 234, eni 7-13 metr arasında dəyişən körpü piyadaların rahat hərəkətini təmin edir. Körpü vasitəsilə 8 Noyabr prospektində yerləşən Zaman meydanına, Babək prospektindən Mərkəzi Parka və Fəvvarələr meydanından Ağ Şəhər Bulvarına asan keçid mümkündür.
Meydan və Bulvar küçəsi dünyanın məşhur rəssam və heykəltaraşlarının əsərləri ilə bəzədilib. Konstantin Krik tərəfindən yaradılmış “Seven Public Clocks” və Cozef Klibanskinin “Buludların üstündə” bürünc kompozisiyası burada nümayiş olunur. Həmçinin Saymon Qadcenin “Nur axtarışında” və “Flaminqo” heykəlləri ərazini bəzəyir.
Qeyd edək ki, “Bakı Ağ Şəhər” layihəsi əvvəllər neft tullantıları ilə çirklənmiş “Qaraşəhər” ərazisində reallaşır. Layihə ekoloji, müasir şəhərsalma və “ağıllı şəhər” prinsiplərinə əsaslanır. Yaşayış binaları BREEAM və CRREM standartlarına uyğun layihələndirilib. Layihənin uğurla icrası Azərbaycanı beynəlxalq səviyyədə nümunəvi şəhərsalma layihəsi olaraq təqdim edir.






















