Somalinin paytaxtı Moqadişoda birbaşa seçkilərə doğru tarixi səsvermə

Somalinin paytaxtı Moqadişoda keçirilən bələdiyyə seçkiləri ölkədə 50 ildən sonra birbaşa milli seçkilərin bərpası üçün ilk mərhələ kimi qiymətləndirilir.

92

Somalinin paytaxtı Moqadişo sakinləri bələdiyyə seçkilərində səs verərək ölkədə yarım əsrdən artıq fasilədən sonra birbaşa milli seçkilərin bərpasına doğru ilk mühüm addımı atıblar. Bu barədə “Reuters” xəbər verir.

Somalidə son birbaşa milli seçkilər 1969-cu ildə – general Məhəmməd Siyad Barrenin hərbi çevrilişlə hakimiyyəti ələ keçirməsindən bir neçə ay əvvəl keçirilmişdi. Puntland muxtar bölgəsi və de-fakto ayrılmış Somaliland istisna olmaqla, ölkədə bundan sonra birbaşa səsvermə baş tutmamışdı.

1991-ci ildə Barrenin devrilməsindən sonra uzunmüddətli vətəndaş müharibəsi fonunda 2004-cü ildən etibarən dolayı seçki sistemi tətbiq olunmağa başladı. Bu sistem klanlar arasında konsensusun qorunmasını hədəfləsə də, bir çox somalili siyasətçilərin dolayı seçkilərə üstünlük verməsini korrupsiya imkanları ilə əlaqələndirir.

Mövcud mexanizmə əsasən, klan nümayəndələri parlament üzvlərini seçir, deputatlar isə prezidenti müəyyənləşdirir. Prezident də öz növbəsində Moqadişonun merini təyin edir.

Təxminən 3 milyon əhalisi olan Moqadişoda keçirilən bələdiyyə seçkiləri, təhlükəsizlik vəziyyətinin son illərdə nisbətən yaxşılaşmasına baxmayaraq, “Əl-Qaidə” ilə əlaqəli “Əş-Şəbab” qruplaşmasının hücumlarının davam etdiyi şəraitdə baş tutub.

Milli Seçki Komissiyasının üzvü Abdışakur Abib Xeyrin “Reuters”-ə bildirdiyinə görə, Moqadişo rayon şuralarındakı 390 yer uğrunda 1 605 namizəd mübarizə aparır. Şura üzvləri sonradan şəhər merini seçəcəklər.

“Bu, Somalinin ayaq üstə durduğunu və irəlilədiyini göstərir. Yerli seçkilərdən sonra ölkə üzrə seçkilər də keçirilə bilər və keçiriləcək,” – deyə Xeyr bildirib.

Səsvermə günü seçki məntəqələri qarşısında uzun növbələr yaranıb. Şəhər küçələri avtomobillərin hərəkətinə bağlanıb, hava limanı, liman və bir çox müəssisə fəaliyyətini dayandırıb.

Seçki komissiyası məntəqələrin mühafizəsi üçün təxminən 10 min təhlükəsizlik əməkdaşının cəlb edildiyini açıqlayıb.

65 yaşlı Moqadişo sakini Addey İshak Abdi “Reuters”-ə bildirib ki, bu, onun həyatında ilk səsvermədir: “Çox xoşbəxtəm. Səhər tezdən digər analarla birlikdə piyada gələrək səs verdim.”

2024-cü ildə qəbul edilmiş qanun ümumi seçki hüququnu bərpa edib və 2026-cı ildə keçirilməsi planlaşdırılan federal seçkilərə hüquqi zəmin yaradıb. Lakin prezident Həsən Şeyx Mahmud avqust ayında müxalifətin bir hissəsi ilə razılaşaraq bildirib ki, 2026-cı ildə deputatlar birbaşa seçilsə də, prezident yenə parlament tərəfindən müəyyən ediləcək.

Müxalifət partiyaları bu dəyişikliklərin Mahmudun yenidən seçilmə şansını artırdığını iddia edir. Onlar həmçinin “Əş-Şəbab”ın kənd ərazilərinin böyük hissəsinə nəzarət etdiyi və iri şəhərlərə mütəmadi hücumlar həyata keçirdiyi şəraitdə kütləvi səsvermənin təhlükəsizliyini sual altına alırlar.