Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) Baş naziri Ünal Üstel Cənubi Kipr Yunan Administrasiyasının (CKYA) lideri Nikos Xristodulidisin “Qanlı Noel” qətliamını “qəhrəmanlıq” kimi təqdim etməsinə kəskin reaksiya göstərib. Üstel bildirib ki, “bir tərəfdən EOKA terrorunu qəhrəman kimi alqışlayıb, digər tərəfdən sülhdən danışmaq açıq-aşkar ikiüzlülükdür”.
“Türk Ajansı Kıbrıs”ın (TAK) məlumatına görə, Ünal Üstel mövzu ilə bağlı yazılı açıqlama verib. O, Xristodulidisin Kipr türk xalqına qarşı sistemli qətliamların simvolu olan “Qanlı Noel”i qəhrəmanlıq kimi qiymətləndirməsinin təkcə tarixi saxtalaşdırma deyil, həm də insanlığa qarşı törədilmiş cinayətlərin açıq şəkildə ucaldılması olduğunu vurğulayıb.
Üstel, 21 dekabr 1963-cü ildə başlayan və qadın, uşaq, yaşlı fərqi qoymadan Kipr türklərini hədəf alan EOKA terrorunu “açıq etnik təmizləmə cəhdi” adlandırıb. Onun sözlərinə görə, bu qanlı dövrü “Kiprin müasir tarixində dönüş nöqtəsi” kimi təqdim etmək günahsız insanların qanı üzərindən siyasət aparmaq deməkdir.
ŞKTC Baş naziri qeyd edib ki, Kipr Türk xalqı tarixini qətliamlarla deyil, müqavimət, ləyaqət və dövlətçilik iradəsi ilə yazıb. Üstel vurğulayıb ki, qətliamları legitimləşdirən bir düşüncə ilə nə səmimi dialoq qurmaq, nə də ədalətli həll mümkündür. O əlavə edib ki, Şimali Kipr Türk Cümhuriyyəti öz tarixinə, şəhidlərinə və xalqının şərəfinə yönələn heç bir dili qəbul etməyib və etməyəcək.
Ünal Üstel bildirib ki, Xristodulidisin bu açıqlamaları Kipr Türk xalqının niyə ana Vətən Türkiyənin effektiv və faktiki təminatına, eləcə də Türk Silahlı Qüvvələrinin adadakı mövcudluğuna həyati ehtiyac duyduğunu bütün dünyaya bir daha açıq şəkildə göstərir.
Xatırladaq ki, CKYA lideri Nikos Xristodulidis 21 dekabr 1963-cü ildə EOKA terror təşkilatı tərəfindən Kipr türklərinə qarşı başladılan qətliamları “Kiprin müasir tarixində dönüş nöqtəsi” adlandırmış, EOKA üzvləri və yunan polisinin silahlı fəaliyyətlərini isə “mübarizə”, “fədakarlıq” və “qəhrəmanlıq” kimi qiymətləndirmişdi.

“Qanlı Noel” kimi tarixə düşən bu hadisələrin 62-ci ildönümü qeyd olunur. EOKAçı yunan silahlı dəstələri “Akritas Planı” çərçivəsində 20 dekabrdan 21 dekabra keçən gecə Lefkoşada hücuma keçərək onlarlaKipr türkünü qətlə yetirmişdi.