2025 ci ildə ilk dəfə Bakıda Beynəlxalq Miqren və Baş ağrıları Konfransı keçirildi

110

20 dekabr 2025-ci il tarixində Bakı şəhərində Azərbaycan Miqren Mütəxəssisləri İctimai Birliyinin (AMMİB) 1-ci İllik Beynəlxalq Konfransı keçirilib. “Baş Ağrısı Təbabətində Qlobal Perspektivlər” mövzusuna həsr olunan tədbir Fairmont Hotel Bakuda baş tutub.

Konfransın açılışında Azərbaycan Miqren Mütəxəssisləri İctimati Birliyinin (AMMİB) həmtəsisçisi və təşkilat komitəsinin sədri, Dr.Sərxan Əmirquliyev iştirakçıları və qonaqları salamlayıb, cəmiyyətin və tədbirin məqsədinin baş ağrısı və miqrenin diaqnostika-müalicə imkanlarının genişləndirilməsi, beynəlxalq təcrübənin paylaşılması və regional əməkdaşlığın gücləndirilməsi olduğu bildirilib. Həmçinin bu konfransın dəyərli alim, Azərbaycan Miqren Mütəxəssisləri İctimai Birliyinin təsisçisi və İdarə Heyətinin üzvü professor Məsud Aşinanın 60 illik yubileyi ərəfəsində keçirilməsinin də xüsusiliyini vurğulayıb.

Proqramın rəsmi hissəsində çıxış edənlər arasında Azərbaycan Respublikasının Səhiyyə Naziri Teymur Musayev, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Pənahov“YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov yer alıb.

Tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev baş ağrılarının idarə olunmasının tarixi tibbin inkişaf yolunu bütövlükdə əks etdirdiyini vurğulayıb: “Min illər əvvəl baş ağrısı tibbi vəziyyət kimi deyil, mistik bir hadisə kimi qəbul edilirdisə, bu gün o, təkcə klinik nevroloji problem kimi deyil, eyni zamanda mühüm ictimai səhiyyə məsələsi kimi dəyərləndirilməlidir. Geniş yayılması, yüksək əlillik yükü və sosial-iqtisadi təsirləri miqreni müasir səhiyyə siyasətinin diqqət mərkəzinə çıxarır. Miqrenin ictimai səhiyyə problemi kimi qəbul edilməsi bir sıra strateji yanaşmaları zəruri edir. İlk növbədə, miqren və digər baş ağrıları milli səhiyyə prioritetləri sırasında layiqli yerini tutmalıdır”.

Nazir əlavə edib ki, müasir dövrdə rəqəmsal səhiyyə həlləri və sağlamlıq məlumat sistemləri miqrenin ictimai səhiyyə səviyyəsində idarə olunmasına yeni imkanlar açır. Epidemioloji məlumatların toplanması, xəstə yükünün ölçülməsi və xidmətlərin effektivliyinin qiymətləndirilməsi sübuta əsaslanan siyasi qərarların qəbuluna şərait yaradır.

Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli çıxışında, “Azərbaycan Miqren Mütəxəssisləri İctimai Birliyinin 1-ci illik Beynəlxalq Konfransı”nın miqrenin yalnız klinik nevroloji problem deyil, eyni zamanda ciddi ictimai səhiyyə çağırışı kimi qəbul olunmasının bariz nümunəsi olduğunu qeyd edib:

“Bu gün artıq aydındır ki, miqren və digər baş ağrıları insanların həyat keyfiyyətinə, əmək qabiliyyətinə və sosial rifahına birbaşa təsir göstərir. Xəstəliyin geniş yayılması və yaratdığı əlillik yükü onu təkcə tibbi deyil, sosial-iqtisadi problem kimi də dəyərləndirməyi zəruri edir. Bu baxımdan, möhtərəm cənab nazirin qeyd etdiyi kimi, miqrenin milli səhiyyə prioritetləri sırasında yer alması son dərəcə vacib və strateji addımdır.

Tədbirin davamında Azərbaycan Miqren Mütəxəssisləri İctimai Birliyinin təsisçisi və İdarə Heyətinin üzvü professor Məsud Aşina, Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Pənahov, “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov bu patologiyanın yalnız tibbi deyil, həm də sosial-iqtisadi baxımdan ciddi problem olduğunu, insanların həyat keyfiyyətinə və gündəlik fəaliyyətinə mənfi təsir göstərdiyini qeyd ediblər. Bildirilib ki, konfrans çərçivəsində aparılan müzakirələr, fərqli yanaşmalar, bilik və təcrübə mübadiləsi xəstəliyin daha effektiv idarə olunması və müalicəsi baxımından xüsusi əhəmiyyət daşıyır. Çıxış edənlər konfransın əməkdaşlığın güclənməsinə və vacib elmi ideyaların paylaşılmasına imkan yaratdığını vurğulayaraq, tədbirin gənc həkimlər, mütəxəssislər, rezidentlər və tələbələr üçün çox məhsuldar və faydalı olacağına əminliklərini ifadə ediblər.

Konfransın elmi proqramı bir birindən maraqlı çıxışlarla yadda qalıb

Elmi proqramda baş ağrısı təbabətinin qlobal inkişafı, Avropada baş ağrısı təhsili və müasir müalicə yanaşmaları müzakirə olunub. Konfransda beynəlxalq mütəxəssislər çıxış edərək miqrenin diaqnostika və terapiyasında son trendləri təqdim ediblər. Məruzəçilər arasında Essen Universitetindən prof. Zaza Katsarava, Avropa Baş Ağrısı Federasiyasından prof. Jan Versijptprof. Raquel Gil-Gouveia yer alıb.

Konfransın diqqət çəkən hissələrindən biri miqren müalicəsində yeniliklərə həsr olunan müzakirələr olub. Burada CGRP-yə yönələn müasir terapiyalar, miqren tutmalarının mərhələli idarə olunması, preventiv müalicədə hədəfli yanaşmalar və pediatrik miqren üzrə praktik məsələlər gündəmə gətirilib. Bu sessiyada Beynəlxalq Baş Ağrısı Cəmiyyətinin (IHS) fəxri katibi prof. Sait Aşina məruzə ilə çıxış edib. Təqdimatlar sırasında həmçinin prof. Gianluca Coppoladoktor Sərxan Əmirquliyevin çıxışları olub.

Tədbirin digər bölümündə miqrenin yanaşı gedən xəstəliklərlə əlaqəsi müzakirə edilib. Miqren və depressiya, miqren və epilepsiya, eləcə də miqren və insult mövzuları üzrə təqdimatlar dinlənilib. Sessiyaya prof. Məsud Aşinadoktor Sərxan Əmirquliyev sədrlik edib. Məruzəçilər arasında prof. Sədaqət Hüseynova, dr. Ülviyyə Quliyevadr. Pərvin Allahyarova yer alıb.

Günün sonunda beynəlxalq ekspertlərin və yerli nevroloqların iştirakı ilə interaktiv panel keçirilib, klinik praktikada miqren və baş ağrısının idarə olunmasında əsas problemlər və həll yolları ətrafında fikir mübadiləsi aparılıb. Konfrans yekun nitqlə bağlanıb, daha sonra sədr və məruzəçilər heyəti üçün şam yeməyi təşkil olunub.