Agentlik qrant müsabiqəsinin nəticələrini nə vaxt açıqlayacaq?

Agentlik 2026-cı il qrant müsabiqələri üzrə təqdim olunan layihələrin təxminən 200-də plagiat faktı aşkarlandığını açıqlayıb. Nəticələr I rübdə elan olunacaq.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2026-cı il üzrə elan etdiyi qrant müsabiqələri ilə bağlı daxil olan layihələrin qiymətləndirilməsini davam etdirir.

Agentliyin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva bildirib ki, müsabiqəyə maraq rekord səviyyəyə çatıb, lakin eyni zamanda ciddi pozuntular da aşkarlanıb.

Onun sözlərinə görə, Agentliyin elektron sistemində qeydiyyat prosedurlarını düzgün tamamlamış 981 QHT-nin layihə təqdim etmək hüququ olub. Bu QHT-lərdən 789-u layihəni sistemə tam şəkildə yükləyib.

Ülviyyə Qarayeva qeyd edib ki, qalib layihələrin adları 2026-cı ilin I rübündə elan ediləcək:

“Hazırda daxil olmuş layihələrin emalı gedir. Texniki seleksiya mərhələsi başa çatdıqdan sonra layihələr müstəqil ekspertlər tərəfindən qiymətləndiriləcək və nəticələr hərtərəfli təhlil olunacaq”.

Agentlik rəsmisi vurğulayıb ki, son illərdə müsabiqə qaydalarının yenilənməsi və infosessiyaların keçirilməsi layihələrin keyfiyyətinə müsbət təsir göstərsə də, bu il ciddi plagiat faktları üzə çıxıb. Onun sözlərinə görə, süni intellekt texnologiyalarının tətbiqi nəticəsində 800-ə yaxın layihədən təxminən 200-də tam və ya qismən plagiatlıq aşkarlanıb.

“Eyni layihə mətnlərinin 3, 4, hətta 9 fərqli QHT tərəfindən təqdim edildiyi hallar var. Orfoqrafik səhvlər belə eyni cümlələrdə təkrarlanıb. Bu, artıq təsadüf deyil”, – deyə Ü. Qarayeva bildirib.

Aşkarlanan plagiat layihələr arasında ekoloji, sosial, qadın və gənclər, şəhid ailələri və müharibə əlilləri ilə bağlı mövzuların yer aldığı qeyd olunub. Agentlik rəsmisi bildirib ki, dövlət qurumunu aldatmağa cəhd edən QHT-lərin layihələri texniki seleksiyadan keçməyəcək və bu təşkilatlara elektron sistem üzərindən rəsmi bildiriş göndəriləcək.

“Plagiat layihələr dövrü tam bağlanıb. Agentlik bu cür layihələrə heç bir vəsait ayırmayacaq”, – deyə o əlavə edib.

Müsahibədə digər neqativ məqamlar da diqqətə çatdırılıb. Bildirilib ki, monitorinqlər zamanı bir şəxsin onlarla QHT-nin rəhbəri və ya mühasibi olduğu, eləcə də QHT-lər üçün kütləvi şəkildə layihə yazan qrupların mövcudluğu müəyyən edilib. Bu halların 2026-cı il müsabiqələrinin nəticələri elan edilərkən nəzərə alınacağı bildirilib.

Bundan başqa, bəzi QHT-lərin eyni tədbiri müxtəlif günlərdə fərqli tədbir kimi təqdim etməyə cəhd göstərdiyi də aşkarlanıb. Ülviyyə Qarayeva qeyd edib ki, 2026-cı ildən tədbir iştirakçılarının yoxlanması üçün “üz tanıma” (Face ID) sisteminin tətbiqi planlaşdırılır və hazırda bu sistem test mərhələsindədir.

Agentlik rəsmisi sonda QHT rəhbərlərinə müraciət edərək layihələrə birbaşa nəzarət etməyə çağırıb:

“Müsabiqələrdə qalib gəlmək üçün əsas şərt yüksək keyfiyyətli, ictimai faydalı layihə və güclü komandadır. Azərbaycan QHT-ləri artıq kəmiyyət yox, keyfiyyət mərhələsinə daxil olub”.

Qeyd edək ki, hazırda Agentlik tərəfindən 2025-ci ildə icra olunmuş layihələrin yekun hesabatları da qəbul edilir və monitorinq prosesi davam etdirilir.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.