Yerli media xəbər verir ki, İsrail polisi hərbi xidmətə getməkdən imtina edən bir Ultra-Ortodoks Yəhudini həbs edərkən, Qərbi Qüdsdə, Mea Şearim məhəlləsində qarşıdurmalar baş verib.
Həbsə etiraz edən ultra-ortodoks yəhudilər ilə polis arasında başlayan gərginlik qısa zamanda böyüyüb.
Ultra-ortodoks yəhudilərin polisə daş və tullantılar atdığı, polisin isə nümayişçiləri dağıtmaq üçün səs bombalarından istifadə etdiyi qeyd olunub.
Hadisələr nəticəsində 10 polis yaralanıb, 4 aksiya iştirakçısı isə həbs edilib. Sosial mediada yayılan görüntülərdə polisin nümayişçiləri dağıtmaq üçün qamçıdan da istifadə etdiyi görünür.
İsrail qanunlarına görə 18 yaşını keçmiş hər kəsin mütləq hərbi xidmətə cəlb olunması tələb olunur, lakin haredilərin hərbi xidmətdən azad olunması illərdir ölkədə müzakirə mövzusudur.
İsrail Ali Məhkəməsi 25 iyun 2024-cü ildə haredi kişilərinin hərbi xidmətdən azad edilməsinin hüquqi əsasının olmadığını və hərbi xidmətə yararlı olanların cəlb edilməli olduğunu qərara almışdı.
Hökumətin hərbi xidmətə cəlb olunmağa uyğun təxminən 80 min haredi kişidən təxminən 24 mininə çağırış göndərdiyi, 2025-2026 hərbi ilində qalan “hovuz” qrupu üçün isə əmrlərin göndəriləcəyi bildirilib.
Haredilərin hərbi xidmətdən azad edilməsini təmin edən qanunun qəbul edilməməsi səbəbindən Baş nazir Binyamin Netanyahunun Haredi koalisiya tərəfdaşları hökumətdən istefa verdiklərini açıqlamış, parlament iclaslarını boykot etməyə başlamışdılar.