Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Polşaya səfəri çərçivəsində bir sıra yüksəksəviyyəli rəsmi şəxslər ilə görüşlər keçirib.
Görüşlərdə Polşa xarici işlər nazirinin müavini Marcin Bosacki, Baş Nazirlik Ofisinin Xarici Əlaqələr Departamentinin rəhbəri Malgorzata Latkiewicz-Pawlak, Senatın Xarici Əlaqələr Komissiyasının sədri Grzegorz Schetyna, Prezident Administrasiyasının Təhlükəsizlik Məsələləri İdarəsi sədrinin müavini, briqada generalı Andrzej Kowalski, eləcə də Polşa Prezidentinin müşaviri Radoslaw Gruca iştirak ediblər.
Verilən məlumata görə, görüşlər zamanı Azərbaycan–Polşa münasibətlərinin strateji tərəfdaşlıq xarakteri, mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri ətraflı müzakirə olunub.
Tərəflər qarşılıqlı yüksək səviyyəli səfərlərin və müntəzəm siyasi dialoqun ikitərəfli gündəliyin əsas elementləri olduğunu vurğulayıb və bu təmasların gələcəkdə də davam etdirilməsinin vacibliyini qeyd ediblər.
Elçin Əmirbəyov bildirib ki, Azərbaycan Polşanı Avropa İttifaqı və NATO çərçivəsində etibarlı tərəfdaşlarından biri hesab edir.
Görüşlərdə iki ölkə arasında iqtisadi münasibətlərin mövcud potensialdan geri qaldığı barədə ortaq mövqe ifadə olunub. Tərəflər iqtisadi əməkdaşlığın yalnız ənənəvi sahələrlə məhdudlaşmamalı, yeni istiqamətlər üzrə də genişləndirilməli olduğunu vurğulayıblar. Bu kontekstdə yaşıl transformasiya və bərpa olunan enerji, logistika, nəqliyyat bağlantıları, eləcə də müdafiə sahəsində əməkdaşlıq üçün əlverişli imkanların mövcud olduğu bildirilib.
Müzakirələr zamanı həmçinin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan son addımlar diqqət mərkəzində olub. Əmirbəyov qeyd edib ki, iki ölkə arasında faktiki olaraq sülh mühiti mövcuddur, lakin bu vəziyyətin hüquqi baxımdan rəsmiləşdirilməsi zəruridir.