Danimarka “gecə patrulu” yaradıb: Trampın açıqlamaları və hərəkətləri izlənir

Danimarka Xarici İşlər Nazirliyi ABŞ prezidenti Donald Trampın açıqlamalarını izləmək üçün “gecə patrulu” sistemini tətbiq edib. Bu addım Qrenlandiya böhranı və vaxt fərqi səbəbindən atılıb.

76

Danimarka hökuməti ABŞ prezidenti Donald Trampın açıqlamaları və hərəkətlərini izləmək üçün Xarici İşlər Nazirliyində “gecə patrulu” yaradıb. Yeni sistem, Populyar televiziya serialı “Game of Thrones”dakı Gecə Növbəsi kimi “ağ yürüyənlər” və vəhşi canlıları izləmək üçün deyil, ABŞ-dan gələn xəbərləri və Trampın addımlarını izləmək üçün fəaliyyət göstərir.

MSNews.az “The Guardian”-a istinadən xəbər verir ki, Gecə patrulu hər gün yerli vaxtla saat 17:00-da işə başlayır və saat 07:00-da Trampın açıqlamaları və fəaliyyəti barədə hesabat hazırlanaraq Danimarka hökuməti və müvafiq departamentlərə çatdırılır. Bu barədə “Politiken” qəzeti məlumat yayıb.

Məlumata görə, sistem bu ilin yazında Qrenlandiya ilə bağlı Kopenhagen və Vaşinqton arasında diplomatik gərginlikdən sonra tətbiq olunub. ABŞ prezidenti həmin vaxt Arktikada yerləşən adanı ələ keçirmək təhdidini irəli sürmüşdü.

Xarici İşlər Nazirliyinə yaxın mənbə The Guardian-a açıqlamasında deyib: “Qrenlandiyadakı vəziyyət və Danimarka ilə ABŞ arasındakı vaxt fərqi bu tədbirin tətbiqində vacib amil olub.”

Nazirlik bildirib ki, Trampın açıqlamalarını izləmək üçün hər kəsin dərhal telefonuna baxmasına ehtiyac qalmayacaq; bunun əvəzinə kollektiv bir sistem vasitəsilə məlumatlar toplanacaq.

Danimarka Müdafiə Kəşfiyyat Agentliyinin sabiq baş analitiki Yakob Kaarsbo bildirib ki, bu təşəbbüs göstərir ki, ABŞ artıq Danimarkanın ən böyük və ən önəmli müttəfiqi kimi qiymətləndirilməməlidir. Kaarsbo əlavə edib: “Müttəfiqlik ortaq dəyərlər və ümumi təhlükə qavrayışı üzərində qurulur. Tramp həm dəyərlərimizi, həm də təhlükə qavrayışını paylaşmır və məncə, bu, əksər avropalılar üçün də keçərlidir.”